
Bakı. Trend:
Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak
etməyə hazırdır.
Trend xəbər verir ki, bunu
Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev Nyu-Yorkda
Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə
birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda
bildirib.
Mirzaqaliyev qeyd edib ki, Orta Dəhliz sürətlə əsas beynəlxalq
ticarət marşrutlarından birinə çevrilir, “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” (TRIPP) isə regional əməkdaşlıq üçün yeni
imkanlar açır.
“Biz TRIPP təşəbbüsünü alqışlayırıq və Orta Dəhliz boyunca
əlaqəliliyin möhkəmləndirilməsi üçün Zəngəzur dəhlizinin
reallaşdırılmasında iştirak etmək istərdik”, — deyə o
vurğulayıb.
Mirzaqaliyev ayrıca Qazaxıstan ilə ABŞ arasında enerji
əməkdaşlığının əhəmiyyətinə də toxunub.
“Enerji sektoru bizim iqtisadiyyatımızın və ABŞ-la ikitərəfli
münasibətlərimizin təməl daşıdır. Biz ABŞ-ın enerji prioritetlərini
bölüşürük. ABŞ-a idxal olunan uranın orta hesabla 24 faizi
Qazaxıstandan tədarük olunur. Biz ABŞ-ın nüvə energetikası
sahəsində etibarlı və güvənilən tərəfdaşı kimi rolumuzu
möhkəmləndirməyə hazırıq”, — Mirzaqaliyev bildirib.