
Bakı. Trend:
Orta Dəhliz mövcud tranzit marşrutlarına mühüm əlavədir.
Trend xəbər verir ki, bunu
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Nyu-Yorkda
Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə
birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda deyib.
Darsaliya regionun nəqliyyat əlaqəliliyinin Orta Dəhliz kimi
layihələr vasitəsilə artan əhəmiyyətini qeyd edib. “Orta Dəhliz
sadəcə alternativ deyil, mövcud tranzit marşrutlarına həyati vacib
əlavədir”, — deyə o vurğulayıb.
“Bakı–Tbilisi–Qars dəmir yolu və Anakliya limanı bizim
əlaqəliliyə sərmayə qoymaq missiyamızın bir hissəsidir. Lakin
əlaqəlilik yalnız fiziki infrastruktur deyil, həm də əməkdaşlıq,
harmonizasiya, gömrük rəsmiləşdirilməsinin səmərəliliyi və rəqəmsal
inteqrasiyadır”, — nazir müavini əlavə edib.
Darsaliya həmçinin Gürcüstanın investisiya cəlb etmək
istiqamətində mühüm fəaliyyətinə toxunaraq qeyd edib: “Gürcüstan
sadəcə tranzit ölkəsi deyil, korrupsiyaya qarşı mübarizə aparılan
və regionda fəaliyyət göstərən şirkətlər üçün əlverişli vergi
mühitinin yaradıldığı bir investisiya ölkəsidir”.