
Bakı. Trend:
Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində
səylərini inamla davam etdirəcək.
Trend xəbər verir ki, bunu
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr – Anım
Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda bildirib.
“27 sentyabr tarixində 30 ilə yaxın işğal və təcavüz faktına son
qoyaraq hazırkı postmünaqişə dövrünün reallıqlarının, bölgəmizin
əmin-amanlığının əsasını qoyan 44 günlük Vətən müharibəsinin
başlamasından 5 il ötür. 27 Sentyabr – Anım Günü ərazi
bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən
Şəhidlərimizi andığımız qürur tarixidir.
Tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda canlarından
keçən bütün oğul və qızlarımıza Allahdan rəhmət, bu yolda
sağlamlıqlarını itirən bütün müharibə iştirakçılarına şəfa
diləyirik. Dayanıqlı sülh və sabitliyin hər zamankından daha yaxın
olduğu hazırkı dövrdə ölkəmiz sülh gündəliyinin irəlilədilməsi
istiqamətində səylərini inamla davam etdirəcəkdir”, – nazir
vurğulayıb.

