
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Trend
dövlətimizin başçısının müraciətini təqdim edir.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən
müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə
edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi
mövqelərimizi atəşə tutmuşdur.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında
itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!
Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda
düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr
nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu,
erməni faşizminin növbəti təzahürüdür.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları
müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan
dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi
nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç
kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini
Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan
həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və
düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı,
ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində
Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu
barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz
olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq
bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan
halda bir neçə gündən sonra atəş dayandırılmışdır.
Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk
növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və
onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi
Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər
uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi
rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox
ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin
fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır.
Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə
çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna
nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı
siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır.
Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu
məqsədlər onlar üçün əsas məqsədlərdir.
İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi
bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu
dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar
üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki,
Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu
dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun
başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda
ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu
planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror
aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə
qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi
və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və
alacaqlar.
Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi
tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın
baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda –
Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi
bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz
fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida
işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq
danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş
naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı
danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq,
Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir
ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ
respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar
prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt
oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq.
İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu
göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və
status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki,
status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son
qoyulmalıdır.
Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu
yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada
qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi
keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir.
Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq,
razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və
bunun acı nəticələrini görəcəklər.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”
parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında
qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda
Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı
birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün
lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu
gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə
dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim
ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan
dayandırılmalıdır və dayandırılacaqdır.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma
siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə
ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan
Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə
Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab
verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş
torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət
Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır
ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial
vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran
yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş
torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan
ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir.
Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal
edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma
aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir.
Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz
dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim
məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman
aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri
traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır,
vəhşilərdir.
Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş
hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı
sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana
hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal
etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün
regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin
siyasətidir.
Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə
olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz
siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq
Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir.
Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu,
yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir.
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi
tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma,
dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü
tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və
qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın
təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir
ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal
edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu
qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu
çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan
müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini
iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı
beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir.
Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq
təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar
münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam
Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in
qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi
dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə
əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu
Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün
Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü
qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi
var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs
üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan
şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.
Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son
qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

