
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının
iclası keçirilib.
Trend xəbər
verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
– Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı
qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu
təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də
hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət
Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.
Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər
aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq
göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan
Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.
Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış
təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar.
Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə
qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı
artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya
kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış
edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar
dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.
Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu
təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin
addımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm,
onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəm
ki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücum
planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən
müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim
mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz,
kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında
itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin
eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq
ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz
hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı
erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı
törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış
məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan
ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən
kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın.
Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün
bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, – Azərbaycan
vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza,
dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.
Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda
əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla
keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə
Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin
gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu
əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi
texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində
Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi
işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını
təbrik edirəm!
Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son
qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən
işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq
istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər
tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba
torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına
qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər
tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın
Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim
məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün
bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim
mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları
dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik.
Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə
yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz
tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma
torpaqlarınıza qaytaraq.
Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra
bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin
əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı
ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür
ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və
verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum
əməliyyatı keçirir və bu əməliyyat davam edir.
Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi
birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza
könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu,
xalqımızın öz dövlətinə sadiqliyini göstərir.
Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ
məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm,
bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki,
Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki,
tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki,
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin,
bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq,
bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz
torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç
vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci
qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və
bugünkü hadisələr onu bir daha göstərir.
Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq
Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə
müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi
həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və
yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk
illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya
erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi.
Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu
təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır
vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə
bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının
itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat
Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına
düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu
torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti
itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o
vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş
vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq
Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan
sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının,
Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə
Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda
əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan
sonra digər maddi resursların təchizatı asanlaşmışdır.
Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat
Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən
silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan
azad edildi. Bu gün – 2020-ci ildə, artıq bir daha qeyd etmək
istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad
edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə
keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.
Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir.
Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki,
ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli
ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir
standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla,
cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim
müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın
rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı
birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm
ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri
olacaqdır.
Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək
istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz
heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında,
Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir
məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə
edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad
edəcəyik.
İndi isə məlumat üçün söz verilir Müdafiə naziri Zakir
Həsənova.
Müdafiə naziri Zakir Həsənov dedi:
– Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki,
saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli,
Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan
atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər
olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni
vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı
qüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücuma
hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə
alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini
nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata
keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti
yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd
işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd
edim?
Prezident İlham Əliyev: Qeyd et.
Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar,
Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd
kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə
uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər
verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan
Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində
həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar
tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü
görmürük. Düşmən tam şəkildə geri çəkilir.
Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.
Prezident İlham Əliyev: Aydındır. Biz
Təhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik.
Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışla
yanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr
təşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisi
müntəzəm olaraq həm Prezident Administrasiyası, həm Müdafiə
Nazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarına
operativ məlumat çatdırılacaqdır.
Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını,
Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!
x x x
Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştirak
etdilər.