Şərəf və qürur tariximiz

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqının dövlətçilik tarixinin qəhrəmanlıq və şərəf
salnaməsi olan 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il
ötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində
törətdiyi təxribatlardan sonra başlanan bu savaş ilk gündən
Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Silahlı
Qüvvələrinin yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin
vətənpərvərliyinin və xalqımızın milli-siyasi birliyinin
təntənəsinə çevrildi.

Bunu Trend
Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

O bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi
tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə
Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılması barədə 4 qətnamə qəbul edilsə də, respublikamız 30 ilə
yaxın bir müddətdə ikili standartlarla və beynəlxalq ədalətsizliklə
üz-üzə qaldı:

“BMT həmin qətnamələrin tələblərinin Ermənistan tərəfindən
yerinə yetirilməsi ilə bağlı heç bir mövqe ortaya qoymadı və yalnız
tərəfləri sülhə çağıran deklorativ fikirlərlə kifayətləndi. O
cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli
istiqamətində irəliyə doğru bir addım atmadılar.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı torpaqlarımızın azad
ediləcəyinə olan inamını itirmədi. Hələ ötən əsrin 90-cı illərində,
Azərbaycanın beynəlxalq mövqelərinin indiki qədər güclü olmadığı
bir şəraitdə Ulu Öndər Heydər Əliyev danışıqlar prosesində
respublikamızın haqlı mövqeyini və milli maraqlarını qətiyyətlə
qorudu”.

Bu siyasəti qətiyyətlə davam etdirən Prezident İlham Əliyev
respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan
azad edilməsini öz fəaliyyətini başlıca prioriteti kimi
müəyyənləşdirdi. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə
mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev nəyin bahasına
olursa olsun torpaqlarımızın işğaldan azad olunacağını bəyan
etdi:

“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon
qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə,
torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı
bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin
yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini
istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir.
Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad
edəcəkdir”.

Xanlar Fətiyev bildirib ki, Azərbaycan dövləti Qarabağ
probleminin sülh yolu ilə həllinə çalışdı, ATƏT-in Minsk qrupunun
vasitəçiliyi ilə aparılan danışıqlar prosesində fəal iştirak
etdi.

“Eyni zamanda Prezident İlham Əliyev hər zaman onu da açıq
şəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa,
torpaqlarımız müharibə yolu ilə işğaldan azad olunacaq. Bu məqsədlə
Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin
müdrik siyasətinin nəticəsi olaraq respublikamızın iqtisadi
yüksəlişi və maliyyə imkanlarının artması ən müasir silah və
texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsinə
imkan verdi. Hələ Vətən müharibəsindən illər əvvəl keçirilən hərbi
paradlar Azərbaycanda həyata keçirilən modern hərbi quruculuqdan
xəbər verirdi. O cümlədən 2016-cı ilin Aprel döyüşləri və 2018-ci
ilin Günnüt əməliyyatı onu deməyə əsas verirdi ki, Silahlı
Qüvvələrimiz işğalçını döyüş meydanında məhv etməyə qadirdir.




2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş
verən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən
köçürülən ermənilərin məskunlaşdırılması, Qarabağdakı separatçı
rejimin əməlləri, baş nazir N.Paşinyanın Qarabağın Ermənistan
ərazisi olması barədə səsləndirdiyi sərsəm fikir və 2020-ci ildə
Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində
həyata keçirdiyi təxribat danışıqlar prosesinin artıq mənasız
olduğunu ortaya qoydu.

Ermənistanın növbəti hərbi təxribatının nəticəsi olaraq 2020-ci
ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı
«dəmir yumruq» əməliyyatı ilk gündən düşmənin darmadağın edilməsi
ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə
torpaqlarımızın azad edilməsi uğrunda tarixi missiyasının icrasına
başlayan ordumuz düşmənin onilliklər boyu möhkəmləndirdiyi və
«Ohanyan səddi» adlandırdığı bir neçə mərhələli müdafiə xəttini
birinci həmlədə yardı. Döyüşlərin ilk günü Füzuli və Cəbrayıl
rayonlarının bir neçə kəndinin işğaldan azad edilməsi müharibənin
Azərbaycanın zəfəri ilə başa çatacağından xəbər verirdi”.

Millət vəkili qeyd edib ki, 44 gün davam edən savaşda ordumuz
hər gün irəli getdi, hər gün torpaqlarımız işğaldan azad
olundu:

“Elə bir döyüş olmadı ki, bölmələrimiz geri çəkilsin. Xalqımız
hər gün cənab Prezident İlham Əliyevin şəhər və rayonlarımızın azad
olunması barədə müjdəsini gözlədi. Müzəffər Ali Baş Komandanın
televiziya vasitəsilə Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin,
Zəngilanın, Qubadlının işğaldan azad olunmasını bəyan etməsi
xalqımız tərəfindən bayram coşqusu ilə qarşılandı. Mədəniyyətimizin
baş ünvanı, Qarabağın mirvarisi Şuşanın 2020-ci il noyabrın 8-də
azad olunması isə Vətən müharibəsinin gedişatında həlledici mərhələ
oldu. Məhz bundan sonra Ermənistanın rəhbərliyi Prezident İlham
Əliyevin şərtlərini qəbul edərək, kapitulyasiya aktını imzaladı.
2020-ci il noyabr ayının 10-da imzalanan və Azərbaycanın Vətən
müharibəsindəki qələbəsinin siyasi-hüquqi təsdiqi olan Üçtərəfli
Bəyanata uyğun olaraq ordumuz bir güllə də atmadan Ağdam, Kəlbəcər
və Laçın rayonlarını da işğaldan azad etdi”.

Deputat əlavə edib ki, böyük qürur hissi ilə qeyd etməliyik ki,
Vətən müharibəsi günlərində yalnız xalqımız deyil, bütün dünya
Prezident, Ali Baş Komanadan İlham Əliyevin qətiyyətli və cəsarətli
siyasətinə şahidlik etdi.

“Məlum olduğu kimi döyüşlərin getdiyi 44 gün ərzində və ondan
sonra Ermənistanın qatı müdafiəçisi rolunda çıxış edən Fransa başqa
olmaqla müxətlif siyasi mərkəzlər tərəfindən respublikamıza qarşı
təzyiqlərin edilməsinə cəhdlər göstərildi, təhdidlər yağdırıldı.
Hətta Fransanın təşəbbüsü ilə BMT-də Azərbaycana qarşı sənədin
qəbul edilməsinə cəhd edildi. Lakin Prezident İlham Əliyev
qətiyyətli siyasəti ilə bütün bu cəhdləri puça çıxardı,
respublikamıza qarşı beynəlxalq səviyyədə diplomatik cəbhənin
yaradılmasına imkan vermədi. O cümlədən dövlətimizin başçısı
müharibə günlərində xarici KİV-ə verdiyi müsahibələrlə infomasiya
savaşında da Ermənistanı və Fransanı məğlubiyyətə uğratdı.

Heç bir müharibə qansız, qadasız ötüşmür. 44 günlük Vətən
müharibəsində döyüşən bütün hərbçilərimiz öz qəhrəmanlıqları ilə
vətənpərvərlik dastanları yazdılar, torpaqlarımızın azadlığı
uğrunda canlarından keçdilər, şəhidlik mərtəbəsinə yüksəldilər.
Xalqımız şəhidlərin ölməz xatirəsini hər zaman uca tutur, onları
hər zaman ehtiramla anır. Prezident İlham Əliyevin 2020-ci il 2
dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən
torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan
Respublikasında Anım Günü kimi qeyd edilir.

Bu günlərdə Azərbaycanın bütün bölgələrində şəhidlərimiz
ehtiramla yad olunur. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən qəhrəmanların əziz xatirəsi önündə baş əyirik.
Torpaqlarımızın işğaldan azad olunması, o cümlədən Qarabağda erməni
separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində milli
suverenliyimizin bərpa edilməsi ilə həm də bütün şəhidlərimizin
qisası alındı, onların qanı yerdə qalmadı.

27 sentyabr Anım Gününü xalqımız qürurla qarşılayır. Prezident
İlham Əliyevin liderliyi ilə 2020-ci ilin məhz bu tarixindən
torpaqlarımızın azadlığı uğrunda başlanan hərbi mübarizə öz məntiqi
sonluğuna uğurla çatıb. Artıq torpaqlarımız azaddır, ərazi
bütövlüyümüz isə tam bərpa olunub. Qələbələrimizin və uğurlarımızın
müəllifi olan Prezident İlham Əliyev bu gün həm də regionda sülhü
bərqərar edir”, – deyə Xanlar Fətiyev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir