Ali Təhsildə Keyfiyyət Təminatı üzrə İkinci Simpozium – Tam Uğur! (FOTO)

Baş səhifə

Bakı. Trend:

25-26 sentyabr 2025-ci il tarixlərində ADA Universitetində ali
təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium
keçirilib. Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə
birgə təşkil olunub və yerli ali təhsil müəssisələrinin çoxsaylı
nümayəndələrinin iştirakı ilə baş tutub.

Simpozium çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə
bağlı aktual mövzular və ən son praktikalar üzrə müzakirələr və
seminarlar keçirilib. Açılış nitqi ilə çıxış edən TKTA-nın idarə
heyətinin sədri Tural Əhmədov institusional və proqram
akkreditasiyası üzrə milli səviyyədə əldə olunan irəliləyişlərdən
danışıb. O, keyfiyyətin təminatı sahəsində çalışanların davamlı
peşə hazırlığı üçün daha çox imkanların yaradılmasının vacibliyini
vurğulayıb və ADA Universitetinin bu simpoziumu təşkil etməsini
dəyərli töhfə kimi qiymətləndirib.

Simpozium Azərbaycan universitetlərində beynəlxalq səviyyədə
innovasiyaların davamlı və yaradıcı müzakirəsi üçün mühüm platforma
rolunu oynayıb. Tədbirdə iki gün ərzində milli və beynəlxalq
ekspertlər akkreditasiya, keyfiyyətli tədris və təhsil, beynəlxalq
reytinqlər, eləcə də insan resurslarının inkişafı üzrə ən son
tendensiyaları və öz təcrübələrini bölüşüblər.

Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı
Mərkəzinin həmsədri, məruzəçilərdən biri Frank Niedermeier tədbir
zamanı müşahidə etdiyi atmosfer və dinamikadan çox təsirləndiyini
bildirib:




“Azərbaycanda keyfiyyətin təminatı cəmiyyətinin necə sürətlə
böyüdüyünü və inkişaf etdiyini görmək heyranedicidir. Buna şahidlik
etmək çox təsir edicidir və bu simpoziumda iştirak etməkdən keçən
il olduğu kimi məmnun oldum – TKTA və ADA Universiteti nə
etdiklərini çox yaxşı bilirlər”.

ADA Universitetinin Keyfiyyətin təminatı və akkreditasiyası üzrə
direktoru Maurus Roller simpoziumun uğurunu belə vurğulayıb:
“İştirakçılar çox həvəsli idilər. Biz hamımız bilirik ki,
keyfiyyət təminatı təhsil üçün vacibdir və belə bir tədbir
əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

ADA Universitetinin tədris işləri üzrə prorektoru Elkin
Nurməmmədov qeyd edib: “Keyfiyyət təminatı milli
universitetlərimizin və tələbələrin uğurları üçün vacibdir.
Tədbirin cəmi iki dəfə keçirilməsinə baxmayaraq, simpoziuma maraq
kifayət qədər artıb. Keyfiyyətin təminatı üzrə milli
ekspertlərimizin belə yaradıcı və dinamik mühitdə bir araya
gəlməsini görmək sevindirici haldır”.