Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

Baş səhifə

Bakı. Trend:

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək
üçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmri
ilə başlanan əks-hücüm əməliyyatları Azərbaycan silhalı qüvvələinin
tam və qəti qələbəsi ilə başa catdı. Xalqımızın qürur tarixinə
çevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün
dünyaya göstərdi – erməni işğalına son qoyuldu və ərazilərimiz
bütövləşdi.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.

S.Mikayılova qeyd edib ki, 1990-cı illərdən bəri davam edən
işğal, eləcə də sülh danışıqlarının nəticəsiz qalması, Azərbaycanın
hərbi yolla torpaqlarını azad etmək qərarını şərtləndirdi.

“Rəsmi İrəvan uzun illər ərzində Azərbaycana qarşı düşmənçilik
siyasəti aparırdı. Bu siyasət təkcə hərbi işğalla deyil, eyni
zamanda ideoloji, siyasi və mədəni sahələrdə də həyata keçirilirdi.
Hələ Çar Rusiyası dövründə, xüsusilə 1828-ci il Türkmənçay
müqaviləsindən sonra, Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvi
erməni köçü təşkil olunmuşdu. Bu siyasət Rusiya imperiyasının
regional maraqları çərçivəsində həyata keçirilirdi, bölgədə
müsəlman əhalini zəiflətmək və yeni etnik balans yaratmaq məqsədi
daşıyırdı. Xalqımıza qarşı yönəlmiş bu düşmənçilik siyasəti artıq
200 ildən çox bir dövrü əhatə edirdi. Bu fakt, erməni
millətçilərinin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi
ardıcıl siyasətin planlı, sistemli və uzunmüddətli xarakter
daşıdığını göstərirdi. Tarix boyu, xüsusilə XX əsrin əvvəllərində
erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi
qırğınlar törədilir, etnik təmizləmələr aparılırdı, yerli əhali
doğma yurdlarından sürgün olunur və mədəni irsimiz məqsədyönlü
şəkildə məhv edilirdi. Ermənilər Azərbaycan ərazisində
məskunlaşdıqları dövrdən etibarən xalqımıza məxsus toponimlərin
dəyişdirilməsinə başlamışdılar. Məsələn, Xankəndinin adının
dəyişdirilməsi, Şuşanın erməni şəhəri kimi təqdim olunması bu
siyasətin bariz nümunələrindəndir”, – deyə deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, ermənilərin məskunlaşdığı bölgələrdə
azərbaycanlılara qarşı təzyiq, mülkiyyətin əlindən alınması,
idarəetmədə təmsil olunmamaq kimi hallar geniş yayılmışdı:

“Daşnaksutyun partiyası XIX əsrin sonlarında yaranaraq ifrat
millətçi və ekspansionist ideologiya ilə tanınırdı. Bu partiyanın
əsas hədəfi “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək idi.
Rusiya və Osmanlı imperiyalarının zəiflədiyi dövrlərdə – xüsusilə
1905–1907-ci illər və 1918–1920-ci illər aralığında – Daşnak
silahlı dəstələri Cənubi Qafqazda, o cümlədən Azərbaycan
torpaqlarında etnik təmizləmə və kütləvi qırğınlar həyata
keçirirdilər. Bu siyasət birbaşa erməni millətçiliyinin radikal
qolu olan Daşnaksutyunun ideoloji xəttinə söykənirdi və nəticədə
Azərbaycana qarşı düşmənçilik və işğalçılıq strategiyasına
çevrilirdi.

Qondarma “Dənizdən dənizə Ermənistan” ideyası, yəni Qara
dənizdən Xəzər dənizinədək uzanan böyük Ermənistan yaratmaq xülyası
əsassız və təhlükəli bir etnik imperializm layihəsi idi. Bu ideya
təkcə Azərbaycan üçün deyil, bölgədəki bütün qonşu xalqlar üçün
təhdid idi. 1948–1956-cı illərdə SSRİ rəhbərliyinin qərarı ilə 150
min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu.
1987–1989-cu illərdə – Ermənistandan daha 300 min azərbaycanlı
zorla çıxarıldı, Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci
ildən başlayan Qarabağ münaqişəsi də bu ideyanın tərkib hissəsi
idi. Məqsəd təkcə Qarabağı deyil, Azərbaycanın digər ərazilərini də
zəbt etmək idi. Bu sərsəm ideya ilə təkcə tarixi saxtalaşdırmağa
deyil, müharibə və insan faciələrini legitimləşdirməyə
çalışırdılar”.

Deputat bildirib ki, Sovet İttifaqının dağılması ilə yaranan
boşluqdan istifadə edən Ermənistan xarici siyasi və hərbi dəstəyə
arxalanaraq Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi:

“Bu işğal zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, mülki
əhali qətlə yetirilmiş, dinc insanlar etnik təmizləməyə məruz
qaldı. Xüsusilə Başlıbel, Ağdaban və Baqanis-Ayrım kimi kəndlərdə
törədilən qətliamlar, erməni silahlı qüvvələrinin sistemli və
amansız cinayətlərini göstərir. Xocalı soyqırımı isə bu
vəhşiliklərin zirvəsidir – qadınlara, uşaqlara və qocalara qarşı
məqsədli terror aktıdır”.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan-Ermənistan münaqişəsində
beynəlxalq qurumlar, xüsusilə ATƏT-in Minsk Qrupu, 29 il ərzində
hər hansı nəticə doğuran bir addım belə atmamış, işğalçı və işğala
məruz qalan tərəflərə eyni məsafədən yanaşmışlar:




“Bu “neytrallıq” əslində Ermənistanın maraqlarına xidmət etmiş,
işğalın dondurulmasına səbəb olmuşdur. Beləliklə, “ikili
standartlar” siyasəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı səssiz
razılıq kimi qiymətləndirilə bilər. Azərbaycan 30 ilə yaxın
müddətdə münaqişənin sülh yolu ilə, diplomatik yolla həlli üçün
səbr və siyasi iradə nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin
qeyd-şərtsiz olaraq geri çəkilməsini tələb etsə də, bunlar heç vaxt
icra olunmadı. Beynəlxalq ictimaiyyətin bu məsələdə təsirsiz və
zəif reaksiyası, işğalın uzunmüddətli olmasına şərait yaratdı. Sülh
danışıqları aparıldığı illər ərzində Ermənistan təxribatlardan
çəkinməmiş, təmas xəttində dinc azərbaycanlıları hədəfə almış və
silahlı hücumlar və diversiya qrupları vasitəsilə vəziyyəti daim
gərgin saxlamışdır. Bu təxribatlar, Ermənistanın sülh istəmədiyini
və münaqişəni dondurmaqla torpaqları əbədi işğal altında saxlamaq
niyyətində olduğunu ortaya qoymuşdu”.

S.Mikayılova qeyd edib ki, lakin Azərbaycan xalqı işğalla heç
vaxt razılaşmadı, bunu 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci
ilin Tovuz hadisələrində və nəhayət, 44 günlük Vətən müharibəsində
sübut etdi.

“Azərbaycan uzun illər ərzində sülh və danışıqlar yolunu üstün
tutaraq beynəlxalq hüquqa sadiqlik nümayiş etdirmişdi. Lakin bu
müddət ərzində Ermənistan tərəfindən işğalın davam etməsi, mütəmadi
hərbi təxribatlar və xüsusilə 2020-ci il 27 sentyabr tarixində
atəşkəsin kobud şəkildə pozulması, artıq Azərbaycan xalqının “səbir
kasasını” daşdırırdı.

Həmin gün Ermənistan silahlı qüvvələri yalnız hərbi
mövqelərimizi deyil, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl kimi yaşayış
məntəqələrimizi də artilleriya atəşinə tutaraq dinc əhaliyə qarşı
növbəti təcavüz aktı həyata keçirdi. Bu hücumlar nəticəsində
hərbçilərlə yanaşı mülki şəxslər də həlak oldu. Cavab olaraq
Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri
ilə genişmiqyaslı əks-hücum əməliyyatına başladı”, – deputat əlavə
edib.

S.Mikayılova əlavə edib ki, 44 gün davam edən Vətən müharibəsi
nəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, o
cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini
işğaldan azad etdi:

“Noyabrın 9-da Şuşa şəhərinin azad olunması ilə müharibənin
taleyi həll olundu və Ermənistan kapitulyasiya bəyanatını
imzalamağa məcbur oldu. Bu sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın
rayonları döyüşsüz və sülh yolu ilə Azərbaycana qaytarıldı.
Beləliklə, Azərbaycan həm hərbi, həm də siyasi masada qələbəsini
möhkəmləndirmiş oldu. Bu müharibə yalnız silah və texnika ilə
deyil, xalqın ordusuna və dövlətinə olan sarsılmaz dəstəyi ilə
qazanıldı. Müharibə dövründə “Öldü var, döndü yoxdur” şüarı xalqın
qələbə əzmini, şəhidlərimizin və qazilərimizin ruhunu ifadə edən
milli birlik simvoluna çevrildi”.

Deputat bildirib ki, Azərbaycan xalqı bu 44 gündə bir yumruq
kimi birləşdi, cəbhədə döyüşən əsgərin arxasında xalq dayandı.

“Bu həm də milli iradənin, milli ləyaqətin və milli ruhun
təntənəsi idi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi
Qələbə təkcə silahlı mübarizə deyil, xalqın, ordunun və dövlətin
birgə vəhdətinin təntənəsi oldu. Bu zəfərin əsas memarları –
qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz –
xalqımızın qürur mənbəyidir. Müharibə dövründə yalnız ön cəbhədə
deyil, arxa cəbhədə də mülki əhali böyük fədakarlıq göstərdi, bir
yumruq kimi birləşərək dövlətin və ordunun yanında oldu.
Şəhidlərimizin qisası döyüş meydanında alındı və bu, müasir
tariximizin ən parlaq səhifəsinə çevrildi. Prezident İlham Əliyevin
2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il 27 sentyabr – Anım
Günü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə olan
dərin ehtiramın ifadəsidir və xalqımızın yaddaşında əbədi yer
alacaq. Dövlət, müharibədən sonra da öz qəhrəman övladlarını
unutmur. Şəhid ailələri və qazilərə göstərilən qayğı, dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Qələbənin
əbədiləşdirilməsi üçün bir çox orden və medallar təsis olunmuşdur.
Bakıda salınan Zəfər Parkı və Memorial Kompleks, həm şəhidlərimizin
xatirəsini yaşatmaq, həm də Qələbəmizi vizual və mənəvi olaraq
nümayiş etdirmək baxımından mühüm layihədir.”

S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsində
göstərdiyi qəhrəmanlıq, birlik və əzm sayəsində tarix yazdı:

“Qazanılan Zəfər, yalnız bir döyüşün yox, əsrlərlə davam edən
ədalət mübarizəsinin zəfəridir və bu zəfər hər bir azərbaycanlının
qəlbində yaşayır, gələcəyə inam bəxş edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir