
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının
bərpasını nəzərdə tutan “Snapback” mexanizminin aktivləşdirilməsi
səbəbi ilə İran Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini
məsləhətləşmə üçün Tehrana çağırıb.
Trend-in
məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat
yayıb.
İran XİN bildirib ki, Avropa tərəfləri Hərtərəfli Birgə
Fəaliyyət Planı üzrə problemin həlli mexanizmindən sui-istifadə
edib.
Qeyd edək ki, ötən gecə BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnamənin müddətinin uzadılması və “Snapback” mexanizminin
aktivləşdirilməsinin qarşısının alınması məqsədilə Rusiya və Çin
tərəfindən təqdim olunan qətnamənin ilkin mətni haqda iclas
keçirib. İclasda 4 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə və 2
ölkə bitərəf səs verib. Beləliklə 27 sentyabrdan etibarən İran
əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa
olunur.
İran “Snapback” mexanizminin aktivləşməsinə reaksiya verəcəyini
elan edib.
Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası
2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq
olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar
genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.

