2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etmək
və otuz illik erməni işğalına son qoymaq məqsədilə hərbi
əməliyyatlara başlamaq məcburiyyətində qalması, müasir dünyamızda
ədalət prinsiplərinin demək olar ki, gözlənilmədiyini, beynəlxalq
hüququn işləmədiyini bir daha təsdiq etdi.

Bunu Trend
Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyev son beş ildə etdiyi bütün
çıxışlarında, verdiyi müsahibələrində hər zaman vurğulayıb ki, məhz
qlobal siyasətdə tətbiq olunan ikili standartlar, beynəlxalq
münasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxarılması
Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə
başlamasına səbəb olublar.

Millət vəkili keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini
qaçılmaz edən əsas səbəblərdən birinin məhz beynəlxalq riyakarlıq
olduğunu xüsusi qeyd edib:




“Məlum olduğu kimi, ATƏT sentyabrın 1-də Minsk qrupunun ləğv
olunduğunu açıqlayıb. Bu barədə təşkilatın Nazirlər Şurasının
iclasında qərar qəbul olunub. Qeyd edək ki, bu qərar Prezident
İlham Əliyevin bir ay bundan öncə Vaşinqtona etdiyi işgüzar
səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi kimi ortaya
çıxdı. Belə ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş
naziri tərəfindən Ağ Evdə imzalanmış Birgə Bəyannamədə ATƏT-in
Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına
birgə müraciət göndərilməsi barədə müddəa yer alıb. Keçmiş
münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə hələ 1992-ci ildə
təsis olunmuş bu qurum 29 illik fəaliyyəti dövründə məsələnin
həllinə yox, dondurulmasına çalışıb. BMT isə işğalçı Ermənistana
təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirib, tərəfləri
sülhə çağıran bəyanatlarla kifayətlənib. Bu, beynəlxalq
riyakarlığın və ikili standartlar siyasətinin açıq-aşkar
təzahürləri idi. Məhz bu amillər nəticə etibarı ilə torpaqlarımızın
işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğunu
şərtləndirib. Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci
illər ərzində etdiyi çıxışlarında hər zaman deyirdi ki, sülh yolu
ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq
və tarix bu dəfə də möhtərəm dövlət başçımızın haqlı olduğunu
nümayiş etdirdi.”

Kamaləddin Qafarov ermənilərin tarixi ərazilərimizdə həyata
keçirdikləri soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması işinə ilk dəfə Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə başlandığını diqqətə çatdırıb:

“Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il
martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara
qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə ilk
dəfə olaraq müvafiq siyasi qiymət verildi və 31 mart tarixi
“Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Ulu Öndər
tərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlı
aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra
aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər
toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış
tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı
dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübuta yetirir. Bu gün – 27 sentyabr
Azərbaycanda Anım Günüdür. Ölkəmizin bütün guşələrində Vətən
müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımıza sancmış, doğma Vətənimizin
ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə
həsr olunan silsilə tədbirlər həyata keçirilir. Azərbaycan dövləti
və Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək
qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir,
xatirəsini uca tutur.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir