Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak
edib.

Trend xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov
dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat
verdi.

Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin
ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları,
stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii
gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor
zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə
iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar,
restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi
ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar
Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər
nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas
mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya
və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam
Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla
təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını
nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III
Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman
ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.

Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması,
mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi
həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman
infrastrukturunun yaradılması ilə də bağlıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir