
Bakı. Trend:
27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə
“AzərEnerji” və “Azərişıq”ASC-lərin rəhbərliyi və kollektiv üzvləri
Zəfər Abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad
ediblər.
Eyni zamanda “AzərEnerji”nin Baş idarəetmə, elm və tədris
kompleksində Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbir
şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət
himninin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan
44 günlük Vətən müharibəsi xalqımızın tarixinə ən şanlı səhifə kimi
yazılıb.
Məlumat verilib ki, müharibədə “AzərEnerji”nin 183 əməkdaşı
iştirak edib. Onlardan 2 nəfər şəhidlik zirvəsinə ucalıb, 9 nəfər
qazi olub, 172 nəfər dövlət tərəfindən medallarla təltif edilib.
Bundan başqa, 12 əməkdaşın ailə üzvü şəhid olub.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı “AzərEnerji”
kollektivinin bütün üzvləri gecə-gündüz çalışaraq ölkənin fasiləsiz
enerji təchizatını təmin ediblər. Düşmən ordusunun strateji
obyektlərə, o cümlədən Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik
Stansiyasına və bəzi yarımstansiyalara hücumlarına baxmayaraq,
enerji sistemi sabit saxlanılıb.