
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi
işləri davam etdirilir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) daha bir neçə yerli və xarici
şirkətlərə əməkdaşlığa başlayır.
Belə ki, azad edilmiş ərazilərin mina və partlamamış hərbi
sursatlardan təmizlənməsi xidmətləri üzrə ANAMA ilə “Safe Point”
Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azerbaijan Demining Company”
Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “Alphademining” MMC arasında
müvafiq razılıq əldə edilib və müqavilələr bağlanılıb.
Məlumata əsasən, görüləcək işlərin ümumi dəyəri 9,4 milyon manat
həcmindədir.
Qeyd edək ki, işlərin həvalə olunduğu hər üç şirkət 2021-ci ildə
dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 min manat olan “Safe Point” QSC-nin qanuni
təmsilçisi Ömərov Vahid Cabir oğludur.
Nizamnamə kapitalı 100 manat olan “Azerbaijan Demining
Company”nin MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Nadir
oğludur.
Nizamnamə kapitalı 100 manat olan “Alphademining” MMC-nin qanuni
təmsilçisi Cəfərov Hüseyn İsa oğludur.

