
Bakı. Trend:
Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun
və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə
həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir
keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən
“Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül
dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram
ifadə olunub.
Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırımı” memorial muzeyi ziyarət edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və
unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.
Tədbirdə çıxış edən Baş prokurorun müavini – hərbi prokuror
ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın
memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik
siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən
Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə
xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş
verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan
azad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımız
hərtərəfli inkişaf edir. Qazanılan ardıcıl uğurlara Birinci
vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti
mühüm töhfələr verir.
Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə
də səbəb olduğunu deyən Hərbi prokuror diqqətə çatdırıb ki,
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət
və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən
döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan
Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Bu da hərbi uğurlarımızı
şərtləndirib. Nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən
başlayaraq törətdiyi növbəti təxribatların qarşısının alınması,
eləcə də antiterror əməliyyatları zamanı müdrik və qətiyyətli Ali
Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz
gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş
hazırlığını əyani şəkildə sübut edib, Zəfər təmin olunub.
Digər çıxış edənlər də Vətən müharibəsindən, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs
ediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət və
qayğıya görə Hərbi prokurora və prokurorluğun kollektivinə təşəkkür
ediblər.
Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək
olan kursantlara hədiyyələr təqdim edib.

