Müdafiə Nazirliyinin kolektivi şəhidlərin xatirəsini yad edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi
heyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin
məzarları ziyarət olunub.

Trend xəbər
verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və
nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli
Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və
ehtiram nümayiş etdirib.

Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllər
düzüb, ruhuna ehtiram göstərib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin müstəqilliyi,
ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən
övladlarının məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl”
abidələrinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi
yad edilib.




Zəfər parkına gələrək Zəfər Abidəsini ziyarət edən Müdafiə
Nazirliyinin rəhbərliyi və şəxsi heyəti şəhidlərə ehtiram əlaməti
olaraq abidə önünə gül çələngi qoyub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən,
yenidənqurma işləri aparılmış İkinci Şəhidlər xiyabanı kimi tanınan
ərazi ziyarət olunub.
Hərbi Memorial Məzarlıqda Müdafiə Nazirliyinin rəhbər heyəti 44
günlük Vətən müharibəsini somvolizə edən monumental abidənin önünə
gül çələngi qoyub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram
nümayiş etdirilib.

Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov
və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların
qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələri və
yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də
şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,
həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Anım mərasiminin sonunda – saat 12:00-da Müdafiə Nazirliyinin
rəhbərliyi, hərbi qulluqçular və şəhid ailələri Hərbi Memorial
Məzarlıqda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir