O balasından, mən də balamdan doymadım – Şəhid valideynləri övladlarını andılar (FOTO)

Baş səhifə

Bakı. Trend:

27 sentyabr Anım günü ilə əlaqədar Azərbaycan xalqı
şəhidlərimizi anmaq üçün Hərbi Memorial Məzarlığa axın edir.
Şəhidlərin valideynləri, övladları, doğmaları onların məzarları
başında dualar oxuyub, yad edirlər.

Trend bir neçə
şəhid valideyni ilə həmsöhbət olub.

“Vətən müharibəsinin başladığı ilk günlərdən oğlum döyüşlərə
qatılıb. Kəlbəcər-Murovdağ, Füzuli-Cəbrayıl istiqamətlərində döyüş
əməliyyatlarında iştirak edib. Oğlum Cəbrayıl ərazisində oktyabrın
5-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid
olub”.

Bu fikirləri Trend-ə açıqlamasında şəhid Baş leytenant Kamran
Kazımovun atası Qurbanəli Kazımov bildirib. O, şəhidlərimizin
qanının yerdə qalmadığı, torpaqlarımızın düşmən işğalından xilas
edildiyi üçün qürurlu olduğunu vurğulayıb.

“Oğlumla son danışığımız oktyabrın 3-də olub. Kamran şəhid
olanda 2 övladı var idi. Qəhrəmancasına həlak olduqdan sonra bir
övladı da dünyaya gəlib. Həmin övladı hər zaman atasını qəbrinin
üstünə gələrək burada anır”, – deyə əlavə edib.

Şəhid Mayor Ramid Hacıyevin anası Solmaz Əzimova oğlunu anarkən
bu fikirləri səsləndirib:




“Oğlumla son görüşümüz sentyabrın 18-i oğlu Əlinin ad günündə
olub. Ramid Suqovuşanda şəhid olub. 3 övladı var. Balamın şəhid
olacağını bilsəydim doyunca qucaqlayıb öpərdim. Biz şəhid anaları
Ali Baş Komandanımızın rəhbərliyi ilə Dəmir yumruq altında
birləşmişik”.

Şəhid Kapitan Elvin Kazımovun anası Fədayə Kazımova oğlu
haqqında fikirlərini bölüşüb:

“Bütün şəhidlərimizin ruhu şad olsun. Oğlum haqqında nə qədər
danışsam da onu ifadə etməyə cümlələrim yetərsiz qalar. Hər işdə
çox qoçaq idi. Oğlumun gözündə qorxu yox idi”.

Fədayə Kazımova qeyd edib ki, Elvin könüllü olaraq döyüşlərə
qatılıb:

“Oğlum Aprel döyüşlərində iştirak edib yaralanmışdı. Azərbaycan
Ali Hərbi Məktəbinə müəllim olaraq yeni işə düzəlmişdi. Şəhid
olanda ailəli idi. O balasından, mən də balamdan doymadım”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir