
Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd
idman növü üzrə yarışlar keçiriləcək.
Trend-in
məlumatına görə, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə
fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da
başlayacaq.
Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və
Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda
mübarizə aparacaqlar.
Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ
atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük,
Şəki şəhər stadionunda çövkən yarışları baş tutacaq. Stend
atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları,
üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq
proqramlar üzrə yarışlar təşkil olunacaq.
Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa
çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə
gələcək.
Yarışlardan sonra turnirin açılış mərasimi təşkil olunacaq.
Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da
başlayacaq.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

