
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə
Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin
Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum
Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları
sentyabrın 27-də – Anım Günündə komitənin əməkdaşları ilə birlikdə
Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını
ziyarət ediblər.
DİDK-dan Trend-ə
verilən məlumata görə, komitə əməkdaşları və qonaqlar xatirə
daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi
bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini
dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı
tədbirlər keçirib, yaşadıqları ölkələrin ictimaiyyətinə bu
əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat veriblər. Dünyanın
20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə
guşələri yaradılıb, tədbirlər keçirilib.

