Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kütləvi silsilə tədbirlər həyata keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan
Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 44
günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən bir sıra
tədbirlər baş tutub.

Trend xəbər verir
ki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və
nümayəndələri, Azərbaycan Könüllüləri Anım Günü ilə əlaqədar olaraq
Zəfər Parkını ziyarət ediblər. Onlar Qələbə rəmzi olan memorial
abidəni ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər
şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad
ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə
ağacəkmə aksiyası baş tutub. 27 Sentyabr – Anım Gününə həsr olunmuş
ağacəkmə aksiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə
simvolik olaraq Azərbaycan Könüllüləri tərəfindən 2908 ağac əkilib.
Bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına
şəhid olmuş 2908 igid övladını təmsil edir və onların əziz
xatirəsinin əbədiləşdirilməsinə rəmzi bir töhfədir.

Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və
“Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə
“Könüllü Qəhrəmanlar” adlı tədbir həyata keçirilib. Tədbirdə
Azərbaycan Könüllüləri 44 günlük Vətən müharibəsində iştirak etmiş
qazilər və hərbi ekspertlə görüşüblər. Qəhrəman qazilərimiz
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun əldə etdiyi tarixi Zəfərdən söz açaraq, müharibə dövründə
yaşadıqları xatirələrdən, döyüş meydanında göstərdikləri fədakarlıq
və igidliklərdən bəhs ediblər.

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı həmçinin, ölkənin
gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat
ünvanlayıblar. Bəyanatda vurğulanır ki, Cənab Prezident İlham
Əliyevin dəmir iradəsi və xalqımızın birliyi sayəsində qazanılan
tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam
bərpa edib, xalqımızın yaddaşına qürur və şərəf səhifəsi kimi həkk
olunub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunaraq,
Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı
həyata keçirdiyi raket hücumları beynəlxalq humanitar hüququn kobud
şəkildə pozulması və insanlığa qarşı cinayət kimi pislənib.
Azərbaycan gəncləri bu faciələrin heç vaxt unudulmayacağını bəyan
edib, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsini tarixi ədalətin
və beynəlxalq hüququn təntənəsi kimi dəyərləndiriblər. Onlar
özlərini Böyük Qayıdışa şahidlik edən, azad edilmiş şəhər və
kəndlərə yeni nəfəs verən bir nəsil kimi xarakterizə edərək,
Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh
gündəliyini tam dəstəklədiklərini, Vaşinqtonda paraflanmış Sülh
Sazişinin isə Cənubi Qafqazda sabit və firavan gələcəyin müjdəçisi
olduğunu bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir