Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan UNESCO-nun 29 sentyabr – 1 oktyabr tarixlərində
Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı
İnkişaf Konfransında (MONDIACULT-2025) təmsil olunacaq. Tədbirdə
ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla, Azərbaycan
nümayəndə heyəti təmsil edəcək.

Trend xəbər verir
ki, MONDIACULT-2025 çərçivəsində sentyabrın 28-də Barselonada
“Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli
Nazirlər Dialoqu” keçiriləcək. Bu dialoq mədəniyyət sahəsinin
qlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlı
gələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.




MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarən
keçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı
hökumətlərarası platforma kimi tanınır. Bu ilki konfrans
mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi
tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində
mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalar
və mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”,
“İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzular
müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq
təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş
cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya
mübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir