
Bakı. Trend:
Danimarka hava məkanı 29 sentyabr – 3 oktyabr tarixlərində
ölkədə keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti səbəbindən mülki
pilotsuz uçuş aparatları (PUA) üçün bağlanacaq.
Trend xəbər verir
ki, bu barədə Danimarkanın nəqliyyat idarəsi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində baş verən dron hadisələri və
qarşıdan gələn sammitlə əlaqədar bütün Danimarka ərazisində bazar
ertəsi – 29 sentyabrdan cümə günü – 3 oktyabr 2025-ci ilədək bütün
PUA uçuşları üçün müvəqqəti qadağa tətbiq ediləcək.
Qadağa sutka boyu qüvvədə olacaq. Xüsusi hallarda pilotsuz
təyyarə operatorları təcili və sosial əhəmiyyətli uçuşlarla bağlı
qadağadan azad olunmaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, hava məkanı Mülki Aviasiya Qanununun müddəalarına
uyğun olaraq bağlanıb. Bu qanun nəqliyyat nazirinə ictimai
təhlükəsizliyi təmin etmək üçün lazım olduqda həm bütün hava
məkanını, həm də onun hissələrini bağlamaq hüququ verir.

