Bəs dünya təcrübəsi necədir?
Böyük şəhərlərdə “ödənişli zonalar” artıq uzun müddətdir tətbiq olunur. Məsələn, Londonda 2003-cü ildən etibarən mərkəzi zonaya giriş üçün “congestion charge” (tıxac vergisi) tətbiq edilir. Hazırda bu ödəniş gündəlik 15 funt (təxmini 35 manat) təşkil edir. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata tələbatı artırmaqdır.
İsveç paytaxtı Stokholmda 2007-ci ildən bəri oxşar sistem mövcuddur. Giriş haqqı günün saatından asılı olaraq dəyişir, pik saatlarda daha yüksək olur.
Bu sistem Sinqapurda 1975-ci ildə tətbiq olunub. Bu gün ERP adlı elektron sistemlə idarə olunur və tariflər real vaxt rejimində sıxlığa uyğun tənzimlənir.
Bu modelin əsas məqsədi şəhər mərkəzlərində avtomobil yükünü azaltmaq, hava çirklənməsini minimuma endirmək və ictimai nəqliyyatdan istifadəyə stimul verməkdir.