
Bakı. Trend:
III MDB Oyunları Müstəqil Dövlətlər Birliyi idman hərəkatı
tarixində parlaq iz buraxacaq.
Trend-in bazar
günü verdiyi məlumata görə, bu barədə MDB-nin Baş katibi Sergey
Lebedevin Azərbaycanda keçirilən III MDB Oyunlarının
təşkilatçılarına, iştirakçılarına və qonaqlarına müraciətində
deyilir.
Müraciəti Oyunların açılış mərasimində MDB Baş katibinin müavini
Nurlan Seytimov səsləndirib.
“Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu
möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını
nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri
arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman
sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik
simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün
ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və
tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev
sahibliyi edəcək.
Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də
istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.
Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixində
parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da
möhkəmlənməsinə xidmət edəcək.
Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsi
inkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm də
ölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeni
nailiyyətlərə ruhlandırsın”, – müraciətdə vurğulanır.

