
Bakı. Trend:
BMT-də səsləndirilən bəyanatda Azərbaycan bir daha insan
hüquqları üzrə beynəlxalq mexanizmlərlə əməkdaşlığa sadiqliyini
vurğulayıb.
Trend xəbər verir ki, bu
mövqe Azərbaycanın BMT İnsan Hüquqları Şurasında gündəliyin 5-ci
maddəsinin müzakirəsi zamanı səsləndirdiyi bəyanatda əksini
tapıb.
Bəyanatda bildirilib ki, Azərbaycan xüsusi prosedur mandatına
malik şəxslərin fəaliyyətini yüksək qiymətləndirir və onların
işinin yalnız mandat çərçivəsində, beynəlxalq hüquq, BMT
Nizamnaməsi, müvafiq qətnamələr və Davranış Kodeksinə hörmət
əsasında aparılmasının vacibliyini qeyd edir. Dövlətlər tərəfindən
təqdim edilən məlumatların isə əməkdaşlıq ruhuna uyğun nəzərə
alınması xüsusi vurğulanıb.
Azərbaycan tərəfi hesab edir ki, insan hüquqları mexanizmləri
ilə real dialoq qarşılıqlı anlaşmanı gücləndirə və sistemin
səmərəliliyini artırmağa xidmət edə bilər:
“Biz insan hüquqlarının müdafiəsi və təşviqinə yönəlmiş daha geniş
fəaliyyətimizin tərkib hissəsi olaraq BMT-nin müvafiq mexanizmləri
ilə fəal əməkdaşlığı davam etdirəcəyik.”
Bəyanatda həmçinin diqqətə çatdırılıb ki, BMT-nin 80 illik
fəaliyyətinə nəzər salaraq insan hüquqları mexanizmlərinin
effektiv, şəffaf, siyasiləşmədən və ikili standartlardan uzaq
şəkildə işləməsini təmin etmək üçün səylər artırılmalıdır. Bunun
isə qlobal miqyasda insan hüquqlarının qorunması istiqamətində
ümumi öhdəliyi gücləndirəcəyi qeyd olunub.