
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il 29 sentyabr tarixində Birinci vitse-prezident
Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı
olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan
Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma
torpağını qoruyur və onun uğrunda döyüşür!
Ermənistanın növbəti silahlı təxribatına cavab verildi!
Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum
əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini
azad edir.
Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və
ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və
dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş
Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana
minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir
azərbaycanlıya qürur hissi yaşadır.
Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və
sağlamlığı üçün dua edirəm!
Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla
misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına
onun müqəddəs mübarizəsində yar olsun!
Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını
öpməyi nəsib etsin!
Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

