
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş
verən son hadisələrə həsr olunan veriliş efirə gedib.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş
naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan
Prezidenti İlham Əliyevə ünvanlayıblar.
Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni
verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq
aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.
Prezident İlham Əliyev: Cəbhədə vəziyyət
gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi
təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim
döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu
təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq
həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz
təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz
adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə,
artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər
nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini
işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji
yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş
əməliyyatları aparılır.
Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin
rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin
şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək
edəcək.
Prezident İlham Əliyev: Hesab edirəm ki,
Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə
bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana
hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən
Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı
olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini
bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan
ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur.
Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu
yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə
rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy
olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya
Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni
tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki
dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə
heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz
xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət
qədər hazırlıqlıdır.
Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir
informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki,
bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi
Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25
təyyarələrindən gedir.
Prezident İlham Əliyev: Bizim bu barədə
məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki,
informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq
edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş
əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu
gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox
çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri
var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox
asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi
bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini
hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş
qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür
yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və
beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox
ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm
ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə
iştirak etmir və buna zərurət yoxdur.
Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan
tərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan
formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə
hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində
Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində
necə dönüş etməli? Nə etməli?
Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan
danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik
missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu
təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa
məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib
hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar
prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik.
Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki,
biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə
Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var.
Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında
danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız
iki tərəf var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində,
Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən
sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan
edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı
danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu
tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan
ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı
ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri
deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz
danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq.
Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını
dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar
prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk
qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal
danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun
12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət
sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də
Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas
xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək,
sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar
prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi
status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri
isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə
bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o
deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana
qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan
tərəfindən tamamilə əks hərəkətlər görürük.
Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü
nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik
edən nə olub?
Prezident İlham Əliyev: Bilirsinizmi, bazar
günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki,
hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının
xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata
şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının
tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan
müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında
onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı
hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir
dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün
davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz
olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim
ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən
atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu
bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni
tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan
ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa
şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə
cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu
nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan
mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin
qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün
bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək
və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik
və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş
tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb
Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün
Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan
çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın
şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu
vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə
böhran içindədir.
Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım
idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar
növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın
əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın
diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv
edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş
etdirir.
Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun.
Mümkündürsə lap qısa cavab verin: hə, ya yox. İndi cəbhədə
Suriyadan olan muzdlular varmı?
Prezident İlham Əliyev: Yoxdur. Bu, növbəti
feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir
fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və
müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr
edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu
var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən
səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana
qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya
çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə
də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa
qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.
Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdan
əlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağ
olun.
Prezident İlham Əliyev: Sağ olun.
Görüşənədək.
Aparıcı: İndi biz Yerevanla əlaqəyə çıxırıq.
Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizə
qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi
nələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlər
gəlir.
Nikol Paşinyan: Bu gün səhər belə bir xəbər
aldıq ki, Azərbaycan bilavasitə Ermənistan Respublikasının
ərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı
hərbi təcavüzə başlayıblar. Onlar artıq üç gündür ki,
artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə
Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təəssüf ki,
bizdə həm hərbçilər, həm də mülki əhali arasında həlak olanlar var.
Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu
prosesə cəlb edilib. Bizdə olan mötəbər informasiyaya görə, hərbi
təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda
məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara
rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatda
çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən
muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan
Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana
aparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın
yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq
bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin
kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara
girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını
dayandırsınlar və s. və ilaxır.
Aparıcı: Cənab Paşinyan, indicə xəbər gəldi ki,
Türkiyənin F-16 təyyarəsi Ermənistan silahlı qüvvələrinin Su-25
təyyarəsini vurub. Özü də bu xəbər Ermənistan Müdafiə Nazirliyinə
istinadla gəlib ki, pilot həlak olub. Bu xəbər sizə məlumdurmu?
Yəni, Ermənistan və Türkiyə təyyarələri artıq göydə
toqquşur?
Nikol Paşinyan: Bu, artıq faktdır və mənim
dediyimi bir daha sübut edir. Bilirsinizmi aşkardır ki, həm
Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin
təhdidi altındadırlar. Bizdə olan məlumata görə, Türkiyə bu
münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır. Bizdə olan
məlumata görə, onlar öz qoşunlarını Naxçıvana gətirmək üçün bəhanə
axtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermənistan və İranla
həmsərhəd anklavıdır. Hərçənd bizdə məlumat var ki, Türkiyə
Ordusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətlə, burada heç
bir sirr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqust
ayından Azərbaycandadırlar. Onlar birgə hərbi təlimlərə başlayıblar
və bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb.
Aparıcı: Nikol Vovayeviç, indi artıq bir çox ekspertlər
Dağlıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildə
ifadə və izah edirlər. Müharibə sözü səslənir. Bu sözdən istifadə
etmək nə dərəcədə korrektdir, nə dərəcədə yerinə düşür və indi qan
tökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etmək
olarmı?
Nikol Paşinyan: Əlbəttə, sualınız korrektdir.
Ona görə ki, müharibə gedir. Çoxlu dağıntılar, insan tələfatı var
və olduqca çox sayda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çox
mühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk
soyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və bu
soyqırımının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunu
xalqımız üçün ekzistensial təhdid kimi qəbul edirik. Faktiki olaraq
biz bunu erməni xalqına elan edilmiş müharibə kimi qəbul edirik.
İndi bizim xalqımız, sadəcə, özünümüdafiə hüququndan istifadə
etməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlik Azərbaycanın
təcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir.
Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki,
Türkiyə ümumiyyətlə bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin
Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu,
münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu
müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi
beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək
və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi
əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy
göstərməlidir.
Aparıcı: Cənab baş nazir, sizi daha ləngitməyəcəyik.
Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsməlisiniz. Çox qısa bir
sual. Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsa
bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada
desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan
formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə
hələ hərəkət etmək olar?
Nikol Paşinyan: Bilirsinizmi, danışıqların
formatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki,
danışıqlar prosesi harada başlanmışdısa elə orada davam etməlidir.
Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkret
danışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır.
Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə,
xüsusən onların məzmunu barədə danışmaq çox çətindir. İlk növbədə,
zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki,
Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axı, bu müharibə
sıfırdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdir ermənilərə
qarşı nifrət ritorikasını inkişaf etdirir və beynəlxalq çağırışlara
rəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağlıq Qarabağ
məsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heç
olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı
inandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli
yoxdur.
Ona görə ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə
yetirə bilməyiblər. Mənə belə gəlir ki, hərbi-siyasi rəhbərlik
hərbi mənada cəbhədə heç bir uğur qazana bilməyib. Yəni, onlar öz
məsələsini həll edə bilməyiblər. Ümidvaram, bu, Azərbaycanı
inandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağlıq Qarabağ
münaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var.
İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün,
Dağlıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mən
baş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklif
edirdim və yenə davam edirəm, istənilən həll Ermənistan üçün,
Dağlıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrin
adlarının çəkilməsi ardıcıllığının heç bir mənası yoxdur. Mən onu
nəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır və
təəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti yalnız
Azərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkün
deyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bunun
üçün Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzü
dərhal dayandırmalıdır. Çünki bunu Azərbaycan başlayıb. Yeri
gəlmişkən, bu, əvvəlcədən planlaşdırılmış əməliyyat idi. Əsla şübhə
yoxdur ki, bu əməliyyat Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi
təlimlər zamanı planlaşdırılıb. Sağ olun.
Aparıcı: Çox sağ olun. Gəlin bunu əsas götürək ki, həll
variantı Ermənistan və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbul
olmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variantı yoxdur.
Yalnız siyasət və diplomatiya. Sağ olun.
X X X
Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək
dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini
pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan
Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta
əsaslanmayan yalan və uydurmalar söylədi.
Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak
etdilər.
“Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor
Korotçenko:
– Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə
dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli,
düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da
böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk.
Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki,
peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf
səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk
qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu
peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə
Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx
müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək
istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq
hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın
ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri
arasında aparılır.