
Bakı. Trend:
Hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun
əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatların öz
funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir.
Trend xəbər
verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə
Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Türk Dövlətləri Təşkilatına
(TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı
ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional
aktor kimi” mövzusunda konfransda deyib.
“Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda
ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə
ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq
mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir.
Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən
biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə
qarşı təkbaşına mübarizə aparmaq, demək olar ki, mümkün deyil. Məhz
buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq
formatlarının artdığını müşahidə edirik. Azərbaycanın hazırda 4
dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi vardır ki,
onlardan 3-ü Türk dövlətləridir. Aramızdakı əməkdaşlığın güclənməsi
qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe
sərgiləməyimizə imkan yaradır”, – deyə Fərid Şəfiyev qeyd edib.