
Bakı. Trend:
Britaniyalı investorların və şirkətlərin Azərbaycanda marağı
böyükdür və biz bu imkanların reallığa çevriləcəyinə inanırıq.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakı
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.
O, Bakı İqlim Fəaliyyəti Həftəsində ikinci dəfədir ki, iştirak
etdiyini və bundan məmnunluğunu qeyd edib:
“Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) ilk
dəfə ötən il keçirilmişdi və çox mühüm bir başlanğıc oldu. Bu il
isə daha geniş və daha uğurlu şəkildə təşkil olunub. Azərbaycanın
COP29-a ev sahibliyi etməsi böyük nailiyyətdir və bu, yalnız
hökumətlərin deyil, həm də biznesin və fərdlərin iqlim çağırışına
cavab verməsi baxımından mühüm fürsətdir. Əlbəttə ki, bərpaolunan
enerji sektorunda ambisiyaların mövcudluğu bizi sevindirir.
İnvestisiya cəlbi və genişləndirilmə istiqamətində planlar var.
Vacib olan odur ki, verilən bütün öhdəliklər yerinə yetirilsin.
Fikrimcə, Azərbaycanın həm quruda, həm dənizdə günəş, külək və
hidroenerji sahəsində çox böyük potensialı var və daha sürətli
addımlar atıla bilər”.
O, Azərbaycannın bərpa olunan enerji sahəsində Böyük Britaniya
ilə qarşılıqlı təcrübələrindən yararlanma imkanlarından da
danışıb:
“Məsələn, bp şirkəti Cəbrayılda yerləşən “Şəfəq” günəş elektrik
stansiyasına sərmayə yatırır. Bu layihə həm də Səngəçal
terminalının dekarbonizasiyasına töhfə verəcək. Britaniyalı
investorların və şirkətlərin Azərbaycanda marağı böyükdür və biz bu
imkanların reallığa çevriləcəyinə inanırıq”.