
Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycanın Füzuli rayonunda günəş enerjisi
layihəsinə investisiyanın qoyulmasında maraqlıdır.
Bu barədə Trend-ə
AİB baş mütəxəssisi Əli Malik açıqlama verib.
O bildirib ki, 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29
çərçivəsində Azərbaycanın Energetika Nazirliyi, “China Energy
Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC Füzuli rayonunda
gücü 160 MVt olan günəş elektrik stansiyası layihəsi üzrə İcra
Müqaviləsi imzalayıb.
“Hazırda ilkin qiymətləndirmə aparılır, amma bu layihəyə
marağımız var”,- deyə o qeyd edib.
Əli Malik bildirib ki, AİB-in infrastruktur maliyyələşdirmə
komandası Azərbaycanın enerji, su və maliyyə sektorlarında
iştirakını, həyata keçirilən layihələri, gələcək planları, eləcə də
ölkənin kredit reytinqinin yüksəlməsi ilə bağlı bazarın müsbət
perspektivlərini müzakirə edib.
O vurğulayıb ki, AİB Azərbaycanda özəl sektorla bağlı
əməliyyatlarda çox aktivdir:
“Ötən il biz burada günəş enerjisi sahəsində iki iri layihə üzrə
müqavilə imzaladıq: biri “Bankə”, digəri isə “Biləsuvar” günəş
elektrik stansiyası layihəsidir. Bu layihələrin ümumi gücü təxminən
760 MVt təşkil edir və onları “Masdar” və “SOCAR Green” birgə
inkişaf etdirib.
Hər iki layihənin ümumi dəyəri təqribən 600 milyon ABŞ
dollarıdır. Biz onlar üçün əsas zəmanətlərlə uzunmüddətli kreditlər
təqdim etdik. Elektrik enerjisinin alıcısı “Azərenerji” şirkətidir,
layihələrin developerləri isə “SOCAR Green” və “Masdar”
şirkətləridir”.
AİB nümayəndəsi əlavə edib ki, bank “Masdar” şirkəti ilə
birlikdə gücü 220 MVt olan “Qobustan” külək enerjisi layihəsi
üzərində də işləyir:
“Bu layihənin maliyyələşdirilməsi “Masdar” tərəfindən həyata
keçiriləcək və yaxın gələcəkdə, yəqin ki, gələn ilin sonuna qədər
başa çatdırılması gözlənilir”.
Bank nümayəndəsi həmçinin AİB-in Azərbaycanda çirkab suların
təmizlənməsi layihələrində iştirakını istisna etməyib:
“Biz duzsuzlaşdırma və çirkab suların təmizlənməsi layihələrinə
diqqət yetiririk. Məsələn, AİB Hövsanda çirkab suların təmizləyici
qurğuları layihəsi üzrə tranzaksiya məsləhətçisi kimi təyin olunub
və dövlət-özəl tərəfdaşlığı çərçivəsində məsləhətçi xidmətləri
göstərir”.
Əli Malik həmçinin qeyd edib ki, AİB Azərbaycanda maliyyə
sektoru ilə də əməkdaşlıq edir və bu istiqamətin inkişafında
maraqlıdır:
“Biz maliyyə institutları ilə işləyirik. Həmçinin Azərbaycanın
aqrar sektorunda da iştirak edirik. Məsələn, 2024-cü ildə yerli
şirkətlərdən biri ilə müqavilə bağladıq və gələcək imkanları
nəzərdən keçiririk.
Ümumilikdə, bazarın perspektivlərini qiymətləndirərək deyə
bilərəm ki, Azərbaycan bazarı bizim üçün cəlbedicidir. Xüsusilə
özəl sektorun maliyyələşdirilməsi üçün bərpa olunan enerji və
çirkab suların təmizlənməsi sahəsində böyük potensial görürük.
Azərbaycanın iqtisadiyyatı və bazarına nikbin baxırıq.
Azərbaycanın kredit reytinqi yaxşılaşdığı üçün AİB-in ölkədə
kreditlər təqdim etməsi və investisiya yatırması üçün daha çox
imkan yaranıb. Hazırda AİB-in Azərbaycana qeyri-suveren (özəl)
əməliyyatlar xətti üzrə investisiyalarının həcmi təxminən 200
milyon ABŞ dolları təşkil edir və əsasən bərpa olunan enerji
sektoruna yönəlib. Biz bu məbləği artırmağa hazırıq, çünki
Azərbaycan artıq investisiya reytinqinə malikdir və bu da bizim
üçün kreditləşmə və investisiyalar üçün daha çox imkanlar açır”, –
deyə Ə. Malik əlavə edib