
Bakı. Trend:
2021–2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru orta
hesabla illik 6,7% artıb və hazırda milli iqtisadiyyatın 68%-ni
təşkil edir.
Trend xəbər
verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
O vurğulayıb ki, son illərdə qeyri-neft ixracı, demək olar ki,
iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabət qabiliyyətini
təsdiqləyir:
“Hazırda ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Eyni
zamanda, fiskal göstəricilər də möhkəmlənib. 2025-ci ildə dövlət
büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb.
Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlət
borcu isə ÜDM-in cəmi 6,5%-nə enib ki, bu da dünyada ən aşağı
göstəricilərdən biridir.
S. Bəşirli qeyd edib ki, enerji siyasəti Azərbaycanın həm
inkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraq
qalır:
“Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerji
sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və külək
layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl
enerji zonası” Azərbaycanın qlobal enerji keçidində fəal iştirakını
təmin edir”.