Başqalarının Azərbaycan xalçalarını özünkiləşdirilməsi yolverilməzdir – Aydın Rəcəbov “Baku Network” platformasında (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”
adlı analitik layihənin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir
ki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq rəssamı, xalçaçılıq
sənətinin ən nüfuzlu ustadlarından olan Aydın Rəcəbov olub.

Onun düşüncələri efiri xalçanın sadəcə məişət əşyası deyil,
xalqın mədəni yaddaşının canlı şahidi kimi təqdim olunan
mənəviyyat, tarix və fəlsəfə dərsinə çevirdi.

Aydın Rəcəbov etiraf edib ki, xalça onun üçün təkcə yaradıcılıq
təcrübəsi deyil, həm də fəlsəfə, bütöv bir rəmzlər aləmidir.

“Mən əvvəllər düşünürdüm ki, xalça elə bir şeydir ki, onu
sərirlər və ya divardan asırlar. Amma məlum oldu ki, xalça
müəllifin danışdığı dildir. Xalçanı məişətdə istifadə ilə təhqir
etmək olmaz” – deyə ustad vurğulayıb.

A. Rəcəbov xatırladıb ki, xalçalar Azərbaycanın əsl vizit kartı,
onun “pasportu”dur və onları rəngkarlıqdan və ya qrafikadan aşağı
tutmaq ədalətsizlikdir: xalçaçılıq göründüyündən daha monumental
bir incəsənətdir.




Söhbət zamanı xüsusilə mədəni mənimsəmələr mövzusuna diqqət
yetirilib.

“Bizim xalçaları Qərb jurnallarında “Qafqaz xalçaları” kimi dərc
edirlər, amma Azərbaycan xalçası adını çəkmirlər. Halbuki
simvolika, rənglər, naxışlar — bunlar sırf bizə məxsusdur, yalnız
bizim mədəniyyətimizə aididir”,- deyə rəssam bildirib.

Aydın Rəcəbov Azərbaycan xalçalarının simvolikasının zənginliyi
barədə ətraflı danışıb. Məsələn, 60-dan çox variasiyada rast
gəlinən əjdaha obrazı hər zaman şər rəmzi deyil, əksinə, bəzən
suyun qoruyucusu və ya müsbət qəhrəman ola bilər. “Bu, xalq
yaradıcılığının dərinliklərinə enən bütöv bir fəlsəfədir”,- deyə
ustad vurğulayıb.

Aydın Rəcəbov artıq yarım əsrdən çox ömrünü xalçaya həsr edib.
Onun yaradıcılığı ornamental işlərdən Azərbaycan miniatürlərindən,
çovqan oyunundan, tarixi obrazlardan ilhamlanan süjetli xalçalara
qədər inkişaf yolu keçib.

“Xalça mənim üçün həyatım, ilham mənbəyimdir. Ona nə qədər
dərindən nüfuz edirəmsə, bir o qədər xalqımın tarixini və
mədəniyyətini kəşf edirəm”, – deyə rəssam sonda bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir