
Bakı. Trend:
Bakıda keçirilən COP29 tarixin ən uğurlu COP konfranslarından
olub.
Trend xəbər verir
ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq
konfransda çıxışında deyib.
“Bakı konfransı miqyası ilə seçilirdi – tədbirdə 76 mindən çox
insan iştirak edirdi, bundan başqa yüksək səviyyədə iştirakçılıqla
fərqləndi. COP29, tədbirdə iştirak edən dövlət və hökumət
başçılarının sayına görə COP konfransları arasında ikinci ən böyük
konfrans kimi tarixə düşüb. O, həmçinin dövlət qurumlarının, özəl
sektorun, elmi ictimaiyyətin, vətəndaş cəmiyyətinin və yerli
xalqların nümayəndələrini birləşdirən ən inklüziv konfranslardan
biri oldu”,- deyə o bildirib.
Yalçın Rəfiyev Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək
Səviyyəli Həftəsinin keçirildiyini xatırladaraq orada bir çox
liderlərin yeni iqlim planlarını təqdim etdiklərini diqqətə
çatdırıb.
“Bu siyasi bəyanatları dinləyərkən iqlim maliyyələşdirməsini
təmin etməsi gözlənilən dövlətlərin – başlıca olaraq inkişaf etmiş
ölkələrin öz öhdəliklərini yerinə yetirəcəklərinə əmin olmalıyıq”,-
deyə diplomat bildirib.
O, Bakı COP konfransı irsinin davamlılığının təmin edilməsinin
vacibliyini qeyd edib.
“Bu, yalnız qəbul olunmuş qərarların icrası deyil, həm də Bakıda
əsası qoyulmuş müsbət təcrübənin qorunması və inkişaf
etdirilməsidir”, – deyə Yalçın Rəfiev söyləyib.
Xarici işlər nazirinin müavini eyni zamanda növbəti konfrans
ərəfəsində braziliyalı tərəfdaşlarla aparılan əməkdaşlıqdan söz
açıb.
“Biz həmçinin 1,3 trilyon ABŞ dolları məbləğində iqlim
maliyyələşdirilməsi məqsədi ilə “Bakı-Belen” yol xəritəsinin
gerçəkləşdirilməsi üçün braziliyalı tərəfdaşlarımızla aktiv
əməkdaşlıq edirik. Bu vəzifə inkişaf etməkdə olan ölkələrin
tələbatlarının lazımi səviyyədə maliyyələşdirilməsini təmin etmək
baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə nazir müavini
bildirib.

