
Bakı. Trend:
İlin sonuna qədər ekoloji təmiz avtobusların sayı 400-ə
çatdırılacaq.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, hazırda özəl nəqliyyat şirkətləri tərəfindən
ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və
ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə
gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm
Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz
olunur.
Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata
keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin
marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu
nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say
280-ə çatdırılacaq.
2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus
daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə
çatdırılacaq.
Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də
əhatə edib – 85 müasir avtobus sərnişinlərin istifadəsinə
verilib.
Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli
avtobus gətiriləcək.
Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “Böyük
Qayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi,
Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə
təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri
ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.
Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş
ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin
sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19
elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.