7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan şəxslərin növbəti məhkəməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti iclası keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
şahidlər ifadə verib.

Mərkəzdə direktor müavinivəzifəsində çalışmış Dilarə Şirinova
ifadə verib.

O, bildirib ki, yanğın baş verən zaman hadisədən xəbəri olmaylb
və xəbər tutandan sonra mərkəzə gəlib.

“Mən çatandan artıq yanğın sönmüşdü. Mən həmin mərkəzdə 2001-ci
ildən çalışıram. 2023-cü ildə direktor müavini vəzifəsinə təyin
olundum. Sonra mərkəzdə icbari tibbi sığorta tətbiq olundu. Bununla
da struktur dəyişikliyi oldu”.

Şahid bildirib ki, perinatal mərkəzdə ciddi şəkildə tibb bacısı
çatışmazlığı olub:

“Əvvəllər iki otaq fəaliyyət göstərirdi. Sonra bu otaq sayı 4-ə
çatdırıldı. Kim iş çoxluğuna etiraz edirdisə, həmin işçiyə ağ vərəq
göstərirdi”.

Şahid məhkəməyə verdiyi ifadə zamanı qeyd edib ki, mərkəzdə
əvvəllər də yanğın baş verib:

“Mərkəzdə sanitar qovşaqda yanğın baş vermişdi. Lakin yanğın
yayılmadan qarşısı alınmışdı. Sonra bu hadisə baş verdi. Yanan
otaqlarda 30-dan çox ekektrik yuvası var idi. Elektrik yuvalarının
bəzilərinə uzadıcalar da qoşulmuşdu. Bəzən də “tok” vurma halları
baş verirdi”.

Dilarə Şirinova bildirib ki, mərkəzin direktoru məzuniyyətdə
olsa belə işlə maraqlanırdı:




“Mehriban Abasquliyeva məzuniyyətdə olsa belə xəstə sayı ilə
maraqlanırdı. Mehriban Abasquliyeva deyirdi ki, necə edirsiniz
edin, müraciət edənlər artsın, xəstə sayı çox olsun. Xəstə sayı çox
olanda mərkəzin direktorunsan tutmuş xadiməyə kimi hər kəsin maaşı
artırdı”.

Şahid əlavə edib ki, “Respublika Perinatal Mərkəzi” inzibati
qaydada fəaliyyət göstərir və orada direktorun vəzifələrini icra
edir. Lakin xəstə qəbul olunmur. Bunun səbəbini isə TƏBİB-dən
soruşmaq lazımdır.

Məhkəmə 8 oktyabra təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,
reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların
intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki
palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4
nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat
məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il
tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin
tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə
qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin
elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb
olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan
edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif
İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir