
Bakı. Trend:
Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində
görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına
həsr olunmuş ədəbi-musiqili məclis keçirilib.
Ədəbi məclisdə fransız ədəbiyyatı və intellektual dairələrinin
nümayəndələri, şair və yazıçılar, habelə jurnalislər iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Leyla Abdullayeva XIX əsr
tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı
Xurşidbanu Natavan haqqında danışaraq, dövrünün aparıcı qadın
siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan
ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə
onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Məclisdə fransız nümayəndələri, Marsel Dramatik İncəsənət
Konservatoriyası məzunu və klassik vokal sahəsində təhsil almış
Alain Tremoliers, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının
prezidenti, altı şeir toplusunun müəllifi şairə Fatima Chbibane,
habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq
Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə
regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi
Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib və
şairənin qəzəllərini Azərbaycan və fransız dillərində
səsləndiriblər.
Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə
müşayiət edilib. Musiqi alətlərimiz tar və kamançada Azərbaycan
Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş
müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin incəsənət
fakültəsinin dosenti, xalq artisti və kamança ustası Elşən Mansurov
ifa ediblər.
Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli
mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı,
dinləyicilərin könlünü oxşayıb.
Natavan poeziya məclisinin iştirakçıları tədbirin sonunda
görkəmli şairənin Parisdəki Mədəniyyət Mərkəzinin bağında ucaldılan
heykəli önündə xatirə şəkli çəkdiriblər.