
Bakı. Trend:
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı təşəbbüsləri
tərəfdaşlıq və əməkdaşlıq haqda yeni çərçivə proqramına çevirməyi
planlaşdırır və onun oktyabrın 24-də – BMT Günündə imzalanması
nəzərdə tutulur.
Trend xəbər verir
ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka
Andreyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən
beynəlxalq konfransda çıxışında deyib.
“Proqram 2026–2030-cu illər üçün BMT ilə Azərbaycan arasında
tərəfdaşlıq çərçivəsində iqlim tədbirləri, iqlim ədaləti, “yaşıl
iqtisadiyyat” və gənclərin prosesə cəlb olunmasına fokuslanacaq”, –
deyə Andreyeva bildirib.
O vurğulayıb ki, İqlim Fəaliyyətləri üzrə II Qlobal Qrupun
yaradılması Azərbaycanın işinə ciddi yanaşmasının
göstəricisidir.
Andreyeva əlavə edib ki, Bakıda keçirilən COP29 birdəfəlik
hadisə deyil, artıq daimi fəaliyyətlərə çevrilməkdə olan öhdəliyin
təzahürü olub. Onun sözlərinə görə, BMT komandası üçün bu unikal
bir təcrübə idi və dünyanın ən böyük iqlim konfranslarından birinə
hazırlıq prosesinə COP29 sədrliyi ilə sıx əməkdaşlıq şəraitində
dəstək vermək böyük bir şərəfdir.
“Keçən il komandam 29 iqlim müzakirəsi təşkil etdi və müxtəlif
sahələrdən iştirakçıları bir araya gətirdi. Əsasən, iqlim
tədbirləri ilə əlaqəsi olan hər kəs, yəni hamımız bu dialoqların
bir hissəsi olduq”,- deyə Andreyeva vurğulayıb.