
Bakı. Trend:
Qırğızıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
konseptual bazasına “hibrid dayanıqlılıq” kateqoriyasını daxil
etməyi təklif edib. Bu kateqoriya ölkələrin hərbi, iqtisadi, kiber
təhdidlər, dezinformasiya və iqlim çağırışları şəraitində
stabilliyi və funksionallığı qoruyub saxlamaq qabiliyyətini nəzərdə
tutur.
Trend xəbər verir
ki, bunu Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər
İnstitutunun direktorunun müavini Şumkarbek Adilbek Bakıda
keçirilən TDT beyin mərkəzlərinin konfransı çərçivəsində
bildirib.
O əlavə edib ki, TDT ölkələri fövqəladə hallar zamanı qarşılıqlı
yardımı sürətlə təmin etmək üçün vahid təlimatlardan və
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üzrə standart
protokollardan istifadə edə biləcəklər. Həmçinin, infrastrukturun
qorunması, dezinformasiyaya qarşı mübarizə və dayanıqlı inkişaf
məqsədilə tədqiqat qrupları və analitik mərkəzlər üçün mikroqrant
proqramları planlaşdırılır.
Onun sözlərinə görə, Ukraynadakı müharibə, Yaxın Şərq münaqişəsi
və hibird təhdidlərin yayılması nəticəsində qlobal qeyri-sabitliyin
artması birgə tədbirlərin zəruriliyini daha da artırır.

