
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 sentyabr 2025-ci il
tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici
dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə
imtahan keçirilib.
Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici
dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması
Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları
üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət
qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak
etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat
11:00-da başlanıb və 1 saat davam edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 186 nəfərdən 42
nəfər imtahana gəlməyib. İmtahanda 52 nəfər müvəffəqiyyət əldə
edib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan
üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış
təqdim olunub. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında
yerləşdiriləcək.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim
olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən
tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda
müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması
tələb olunur.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 1 – 2 oktyabr tarixlərində saat 14:00-dan
17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən
Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil
haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə
edilməlidir.