
Bakı. Trend:
Medianın İnkişafı Agentliyində II Azərbaycan – Özbəkistan Media
Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan
nümayəndə heyəti ilə görüş keçirilib.
Trend
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat
yayıb.
Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə
“Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib,
iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında
münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib
ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin
təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər
əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası
Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor
müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji
tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm
nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin
intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin
vacibliyini vurğulayıb. O bildirib ki, ənənəvi media forumlar iki
qardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarını
müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq
baxımından xüsusi əhəmiyyət kəsb edir.

