
Bakı. Trend:
29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir
Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı
il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil
olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım
briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar
artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
14:38
Əməkdar artist Cabir İmanov vəfat edib.
Bu barədə Trend-ə onun yaxınları məlumat verib.
Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində
anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə
oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul və
1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin
universiteti bitirib. 1999–2018-ci illərdə Daxili İşlər
Nazirliyində çalışıb. DTX Mədəniyyət mərkəzinin rəisi olub.
1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub
1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və
2000-ci ildə KVN “Əsrin Çempionu” olub.
2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.
14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri
adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan
mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə
təltif olunub.