
Bakı. Trend:
Azərbaycan 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur
ərazilərini “təmiz sıfır emissiya” zonalarına çevirmək öhdəliyini
üzərinə götürüb.
Trend xəbər verir
ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən
beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın Ekologiya və Təbii
sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
“Bu məqsədə nail olmaq üçün biz yaşıl energetika zonaları,
dayanıqlı kənd təsərrüfatı, ekoloji nəqliyyat, ağıllı şəhər və
kəndlər, eləcə də minlərlə hektar ərazini əhatə edən genişmiqyaslı
meşəbərpa proqramları kimi təşəbbüsləri həyata keçiririk”,- deyə o
qeyd edib.
O vurğulayıb ki, strategiya meşələrin dayanıqlı idarə
olunmasına, yaşıl zonaların genişləndirilməsinə, hidrometeoroloji
monitorinq və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə,
havanın keyfiyyətinin yaxşılaşdırılmasına, tullantıların idarə
olunmasının inkişafına, biomüxtəlifliyin qorunmasına, torpaq
ehtiyatlarının bərpasına və iqlim dəyişikliyi ilə mübarizəyə
ekoloji nəzarət mexanizmlərinin gücləndirilməsi vasitəsilə xüsusi
diqqət ayıracaq.
Tağıyevanın sözlərinə görə, “yaşıl” keçidin sürətləndirilməsi
üçün etibarlı hüquqi və normativ baza, səmərəli institusional
mexanizmlər və davamlı siyasət vacibdir, tənzimləmə isə yalnız
məhdudlaşdırıcı deyil, həm də innovasiyaları və yaşıl
investisiyaları stimullaşdırıcı səciyyə daşımalıdır.
“Məsələn, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi
istixana qazı tullantılarının tənzimlənməsi haqqında qanun layihəsi
hazırlayıb. Bu qanun tullantıların qeydiyyat sistemini, onların
Emissiyalarla Ticarət Sistemi (ETS) vasitəsilə uçotunu yaradacaq və
milli səviyyədə öhdəliklərimizi yerinə yetirməyimizə kömək edəcək.
Digər bir addım isə hazırda hökumət strukturları arasında
razılaşdırılma mərhələsində olan tullantıların idarə olunması və
tənzimlənməsi qaydalarının hazırlanmasıdır”,- deyə Tağıyeva
aydınlaşdırıb.