
Bakı.Trend:
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş
müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq
orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə
üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət
İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2025-ci il tarixdə
saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan
Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108
ünvanında yerləşən Elektron imtahanlar korpusunda
(https://maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcək.
Namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi
tərəfindən qanunvericiliyə əsasən test imtahanının ödənişli olması
nəzərdə tutulub. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən
oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan
Mərkəzinin rəsmi internet səhifəsinə
(https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq
həyata keçirilməlidir.
Namizəd “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat bitdikdən
sonra DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri
və nəticələrin çapı” xidməti
(https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsi ilə çap
etməlidir.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin
vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və “İmtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini
təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və
imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın
nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış
həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş
kitabçası”nda əks olunacaqdır. Namizədlərin “Yaddaş kitabçası”
(yüklə) və elektron test imtahanında kompüterdən istifadəyə dair
Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların
və digər normativ hüquqi aktların siyahısı 02 sentyabr 2025-ci il
tarixdə Baş Prokurorluğun internet səhifəsində
(www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79,
361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

