
Bakı. Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə
Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət
işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə İlqar Mustafayev ifadə verib.
Təqsirləndirilən şəxs ona qarşı sürülən ittihamları qəbul
etməyib:
“Mən başa düşmürəm ki, niyə həbs edilmişəm. Bulvar İdarəsində
3,7 milyon mənimsəmə faktı tapılır və Baş Prokurorluğa göndərilir.
İttiham aktına görə iş fəaliyyətimin 2 ilində (2016-2018) 8 milyon,
qalan hissəsində 4 milyon pul mənimsəmişəm”.
İttiham aktına görə, Hesablama Palatası hansısa möhürsüz,
imzasız e-mail vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin
sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablama
aparıb:
“2018-2022-ci ildə isə 429.680 nəfər sərnişin səyahət edib.
2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olduğu üçün və
Bulvar ərazisi rəsmi olaraq bağlanlb. Pandemiyanın ən sərt vaxtları
isə 2021-ci ildə isə vətəndaşlar evdən bayıra sms icazə ilə
çıxırdı. Necə oldu ki, 2021-ci ildə 62 000 nəfər gəmidə səyahətə
çıxdı”?!
İttihama görə, Maraşpark dondurma köşklərinin sahibi İsrafil
Bascıl Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736
500 manat pul ödəyib:
“Bu fakt əl yazısı ilə yazılmış vərəq sübut kimi götürülüb .
Həmçinin 2020-2022-ci illərdə pandemiya olub və Bulvar bağlanıb.
Həmçinin Gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsi
ittihamına gəldikdə isə Bulvar İdarəsinin istixanası ola-ola
Girasol MMC-dən 175672 manat dəyərində gül almaq adı ilə pulları
mənimsəmişəm. Əvvəla Bulvar İdarəsində istixananı 2020-ci ildə mən
yaratmışam ki, kənardan gül alışının nisbətən azaldaq”.
İlqar Mustafayevin vəkili məhkəməyə vəsatət təqdim edib. O,
vəsatətində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların
əldə edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Proses 20 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin
fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının
Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin
sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət
əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil
etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin
icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin
təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət
sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul
vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə
mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq
məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və
cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan
artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə
müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən
olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət
Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə
mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə
əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda
vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə
saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin
179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar
Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə
istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə
qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək
məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə
həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində
iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata
ayrılmaqla ibtidai istintaq davam etdirilir.