
Bakı. Trend:
Xəzər dənizində külək enerjisi istehsalı ilə bağlı
müəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olar
ki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib.
Bunu Trend-ə
Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim
Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Nazir müavini müsahibəsində hazırda bərpa olunan enerji
sektorunda ölkə üzrə icra edilən layihələr, bu istiqamətdə
hədəflər, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” istehsalı üzrə
atılan addımlar, eləcə də bu kimi digər tədbirlərdən bəhs edib.
E. Soltanov əvvəlcə Xəzər dənizində külək enerjisi istehsalı
üzrə görülən tədbirlərdən danışıb. O qeyd edib ki, hazırda Xəzər
dənizində külək enerjisi üzrə 200 meqavatlıq pilot layihə haqqında
daha ciddi işlər görülməkdədir: “Dənizdə külək enerjisi istehsalı
çox mürəkkəb prosesdir. Hazırda bu istiqamətdə investorlarla
danışıqlar aparırıq. 12 meqavatlıq turbinlərin qurulması, onların
daşınması ciddi logistik məsələlərdir. Amma Xəzər dənizində
müəyyənləşdirilmiş 5 zona üzrə işlər davam etdirilir. Demək olar
ki, hər bir zona müxtəlif şirkətlərə təhkim edilib. Amma hər bir
zonanın müəyyən ölçüdə potensial sifarişçisi var”.
E. Soltanov sözügedən zonalarda icra edilən pilot layihə üzrə
rəsmi tarif təklifi almadıqlarını vurğulayıb: “Amma tarif də
danışıqların tərkib hissəsidir. Spesifik olaraq dənizdə 200
meqavatlıq layihə ilə bağlı daha konkret məsələlər bir neçə aya
ictimaiyyətə açıqlanacaq”.
Nazir müavini eyni zamanda vurğulayıb ki, Azərbaycanda indiyədək
iqlim istiqamətində görülən addımlar birbaşa olaraq dövlətin
təşviqi ilə həyata keçirilir: “Mingəçevirdə istilik elektrik
stansiyasının modernizasiyası nəticəsində hazırda 100 milyon
kubmetrlərlə ölçülən qaza qənaət edilməkdədir. Orada şərti yanacaq
istehsalı 330 qram ətrafında idi. Hazırda isə bu rəqəm 220 qramadək
enib. Bu çox ciddi göstəricidir. Onu da qeyd edim ki, Azərbaycanda
2027-ci ilə qədər bərpa olunan enerji gücünün 2 gigavata (2000 MW)
çatdırılması planlaşdırılır. Bu, kifayət qədər böyük rəqəmdir.
Çünki Azərbaycanda enerji sisteminin ümumi qoyuluş gücü 9
giqavatdır. Bunları üst-üstə qoyduqda təqribən 3 milyon ton
karbondioksidin (CO2) atmosferə atılmasının qarşısı alınacaq.
Hazırda Azərbaycanın illik ortalama emissiyalarının 60 milyon ton
ekvivalenti həcmində qiymətləndirilir ki, bu da çox böyük
rəqəmdir”.
Nazir müvini bərpa olunan enerji sahəsində yeni layihələrə
gəldikdə bunları bildirib: “Məlumdur ki, artıq 10 bərpa olunan
enerji stansiyasının tikintisi prosesi başlayıb. Məsələn, Səudiyyə
Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən və
ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik
Stansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir. Artıq orada əldə
edilən enerjinin sistemə qoşulması prosesinə başlanılıb.
Bundan başqa, bp, Çin şirkətləri ilə birgə bərpa olunan enerji
sektorunda layihələrimiz həyata keçirilir. Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar” şirkəti ilə birgə Neftçala və Biləsuvarda 1
giqavatlıq günəş elektrik stansiyaları layihələr həyata
keçirilir”.
E. Soltanov Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan
enerji sahəsində görülən tədbirlərlə bağlı isə bunları qeyd edib: “Qarabağ və Şərqi Zəngəzurda yeni tikilən su elektrik
stansiyalarının (SES) ümumi gücü 300 meqavatın üzərindədir. Bu
stansiyalar sözügedən regiondakı elektrik enerji istehlakını
qarşılamağa yetərlidir. Hətta əlavə qalan enerji digər regionlara
da ötürülür.
Qarabağ və Şərqi Zəngəzurda yaxın illərdə hidro qaynaqlardan
alınan enerji 500 meqavatın üzərində olacaq.Çünki “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları (SES) növbəti üç il ərzində
tikiləcək”.
E. Soltanov həmçinin, bankların bərpa olunan enerji sahəsində
götürdüyü öhdəliklərlə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə
görə, Azərbaycandakı banklarla birgə iqlim dəyişikliyi və yaşıl
layihələr üçün təqribən 2 milyard dollarlıq öhdəlik götürülüb: “Buraya həmçinin beynəlxalq maliyyə institutları vasitəsilə də cəlb
edilən vəsaitlər daxildir. Çünki banklar öz vəsaitlərini həm daxili
bazardan, həm də beynəlxalq maliyyə institutlarından cəlb edə
bilirlər”.
O, Azərbaycanda enerji səmərəliliyi layihələrinə dövlət
tərəfindən maliyyə dəstəyindən də bəhs edib: “Enerji Effektivliyi
Fondunun tələblərinin son versiyası üzərində iş gedir. Bu fond
vasitəsilə biz artıq Azərbaycanda bir çox səmərəlilik layihələrinə
təşviqlər verəcəyik. Yəni bazardan daha aşağı faizlərlə dəstək
veriləcək. Bu istiqamətdə yaxın zamanlarda aktivlik hiss
ediləcək”.