İnkarçılıq sindromuna yoluxan antimilli ünsürlər artıq mənəvi-əxlaqi böhran keçirir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyümüzün bərpası, bütün
ərazilərimizdə suverenliyin tam təmin edilməsi həm ölkə daxilində,
həm də xaricində bəzi qüvvələri rahat buraxmır. Həmin qüvvələrin
əsas məqsədi nəyin bahasına olursa-olsun ölkəmizin əleyhinə yalan,
böhtan xarakterli məlumatlar yaymaq, Azərbaycan hakimiyyətinin
uğurlu və milli maraqlara xidmət edən siyasətinə ləkə yaxmaqdır.
Ölkə daxilində bu üzdəniraq missiyanı AXCP sədri Kərimov Əli və
onun diktəsi ilə hərəkət edən həsənov cəmil yerinə yetirirlər.
Anti-Azərbaycan qüvvələrin sifarişlərini icra edən məlum cütlük
sosial şəbəkələrdə yalan informasiya yaymaq yarışına giriblər.
Şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq mənəviyyatını,
həqiqət duyğusunu itirmiş bu cütlük üçün heç bir müqəddəs dəyər
yoxdur. Onlar Azərbaycan xalqı üçün müqəddəs yer olan Şəhidlər
xiyabanlarını ziyarəti belə şouya çevirməyə çalışmaqla
mənəviyyatsız, antimilli fəaliyyətləri ilə xalqdan, cəmiyyətdən nə
qədər uzaq olduqlarını bir daha ortaya qoyurlar. Ancaq sosial
şəbəkələrdə boy göstərmək, qarayaxma, manipulyasiya ilə məşğul
olmaqla guya siyasi fəaliyyətdə olduqlarını ortaya qoyan kərimov
əli və həsənov cəmil kimilər antimilli fəaliyyətləri ilə
cəmiyyətdən özlərini o qədər təcrid ediblər ki, reallıq hisslərini
belə tamamilə itiriblər. İtirməsəydilər xalqın onlara qarşı olan
münasibətindən, anti-Azərbaycan şəbəkənin əlində oyuncağa
çevrilmələrindən, dövlətə, onun ayrı-ayrı strukturlarına qarşı
yalan, böhtan kampaniyası aparmalarından utanardılar. Amma
utanmırlar. Çünki bu antimilli ünsürlər ölkəmizin əleyhinə təbliğat
aparmağı, Azərbaycan əleyhdarı olan “ağalarının” sifarişlərini
yerinə yetirməyi özləri üçün həyat amalına çeviriblər.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
bildirib.

Millət vəkili vurğulayıb ki, dövlətin uğurlu siyasətini həzm edə
bilməyən əli kərimovlar, cəmil həsənovlar sosial şəbəkə
hesablarında mütəmadi olaraq ayrı-ayrı dövlət strukturlarının
fəaliyyətinə kölgə salmaq üçün böhtan və qərəzlə dolu çirkin
fikirləri ilə gündəmdə olmağa səy göstərirlər. Onlar üçün
özünüreklam bir növ fəaliyyət istiqamətinə çevrilib. Bu ünsürlərin
bir müddət əvvəl növbəti hədəf kimi Azərbaycan polisini seçmələri
də bunun bariz nümunəsidir. Onların dövlət orqanlarının əleyhinə
təbliğat aparmaları nə qədər rəzil durumda olduqlarının
göstəricisidir. Dövlət strukturlarını, hüquq-mühafizə orqanlarını
hədəf almaq dövləti hədəf almaq deməkdir. Hüquq-mühafizə orqanları
müstəqillik illərində şərəfli yol keçib. İctimai sabitlik, milli
təhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqla
bərabər, inkişafın vacib zəmini, vətəndaş rifahının mühüm amilidir.
Hüquq-mühafizə orqanları dövlətin təhlkəsizliyini, ictimai asayişi
yüksək səviyyədə təmin edir, cinayətkarlığa qarşı uğurla mübarizə
aparırlar.

Kərimov Əli, Həsənov Cəmil kimi antimilli ünsürlər ölkədəki
sabitliyi pozmağa uğursuz cəhdlər edirlər. Çünki bu üzdəniraqlar
üçün xaos, özbaşınalıq maraqlarını reallaşdırmaq üçün münbit
zəmindir. Vaxtilə hakimiyyəti zəbt etdikləri dövrdə biz bunun
şahidi olmuşuq. Bədnam AXC-Müsavat cütlüyü bir illik iqtidarı
dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə böyük
faciə yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı
duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan
şəxslərin vəzifəyə gətirilməsi müstəqilliyimizə ciddi təhdid
yaratmışdı. Xaos, anarxiya adi hal almışdı. Belə görünür ki, həmin
hava hələ də onların başından çıxmayıb.

Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda qanunun aliliyi
ən yüksək səviyyədə təmin edilir, vətəndaşların sərbəst toplaşmaq,
ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kim öz fikrini sərbəst
ifadə etməsinə görə təqiblərə, təzyiqlərə məruz qalmır. AXCP sədri
kərimov əli və qondarma “milli şura”nın marionet rəhbəri Həsənov
Cəmil Azərbaycanı gözdən salmaq üçün hər cür vasitəyə əl atırlar.
Kərimov Əli, onun idarə etdiyi həsənov cəmil kimi xəyanətkarlar öz
çirkin əməlləri, böhtanları ilə bir daha onlara və sifariş
aldıqları ağalarına Azərbaycan dövlətinin güclü olmasının, xalqın
rifah halının yüksəlməsinin, ictimai-siyasi sabitliyin yüksək
səviyyədə təmin edilməsinin sərfəli olmadığını ortaya qoyurlar. Bu
xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti bir
daha göstərir ki, böhtan, əsassız iddialar, yalan, qərəz onlar üçün
əsas siyasi tezisdir. Bu isə inkarçılıq sindromuna yoluxan
antimilli ünsürlərin artıq mənəvi-əxlaqi böhran keçirdiyini
təsdiqləyir. Mayaları şər, qərəz, iftira, böhtanla yoğrulan kərimov
əli, həsənov cəmil kimilər hələ də ölkənin siyasi arenasından
silindiklərinin, marginal qruplara çevrildiklərinin fərqində
deyillər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir