
Bakı. Trend:
Türkiyənin Hatay vilayətinin Payas şəhərində 27 Sentyabr – Anım
Günü münasibətilə “Zəfərə gedən yol” adlı anım mərasimi
keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun,
Payas Bələdiyyəsinin və Hatay Azərbaycan Evinin birgə
təşkilatçılığı ilə qədim tarixə malik Sokullu Mehmet Paşa
Külliyyesində baş tutub.
Mərasimdə iki qardaş ölkənin şəhidlərin əziz xatirəsi ehtiramla
yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri
səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Anım Günü ilə əlaqədar sosial mediada paylaşdığı video və Diasporla
İş üzrə Dövlət Komitəsinin hazırladığı, şanlı Zəfərimizdən bəhs
edən videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən Payas Bələdiyyəsinin sədri Bekir Altan
qonaqları salamlayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın
qazandığı tarixi qələbənin önəmi, şəhidlərin əziz xatirəsi, iki
qardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh
Hacıyev, Payas kaymakamı Kürşad Karaca və Hatay Azərbaycan Evinin
rəhbəri Başar Kömür çıxışlarında Azərbaycanın haqq savaşında
göstərdiyi iradənin və Türkiyənin bu müddətdə verdiyi mənəvi
dəstəyin əhəmiyyətindən bəhs ediblər. İki qardaş ölkənin sarsılmaz
qardaşlıq və dostluq əlaqələrinə toxunaraq, istər xoş günlərdə,
istərsə də çətin vaxtlarda birlik nümayiş etdirdiyi faktlarla
diqqətə çatdırılıb.
Çıxış edənlər iki xalqın Ümummilli liderləri Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və
Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladaraq,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz
arasındakı münasibətləri bu tarixi düstur əsasında uğurla davam
etdirdiyini vurğulayıblar.
Dövlət qurumlarının, diasporun fəallarının və yerli ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Xalq artisti
Azərinin ifasında “Çırpınırdın, Qara dəniz” mahnısının sədaları
altında Azərbaycan və Türkiyənin şanlı bayraqları
dalğalandırılıb.