Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb (FOTO) (YENİLƏNİR)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
voleybol yarışlarına start verilib.

Trend xəbər verir ki, Gəncə
İdman Sarayında təşkil edilən görüşlərdə qızlardan ibarət
Azərbaycan millisi də ilk sınağına çıxıb.

A qrupunda yer alan yığma Tacikistanla qarşılaşıb. Görüş
millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti görüşünü oktyabrın 3-də Özbəkistan seçməsinə
qarşı keçirəcək.

xxx

20:20

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
sambo yarışları başa çatıb.

Trend xəbər verir ki,
yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.

Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram),
Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram),
Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş,
Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər
Əmrahlı (88 kiloqram) isə

bürünc medal qazanıblar.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

xxx

19:23

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks
yarışlarına start verilib.

Trend xəbər verir ki, Yevlax
Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3
idmançısı qələbə ilə başlayıb.

Boksçumuz Aysel Fərəcova (46 kiloqram) 1/4 final çərçivəsində
Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0
(30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da
təmin edib. Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu
Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.

Cəmilə Muradlı (54 kiloqram) da adını yarımfinala yazdırıb.
Boksçumuz startda Niqora Yusupovaya (Tacikistan) ilk raundda tam
üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən
Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə
üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.

63 kiloqramda Haqverdi Həsənov isə 1/4 finalda Bahdan
Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28,
30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala
yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu
mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə
aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də
yekun vurulacaq.




xxx

18:22

Azərbaycanın daha iki samboçusu III MDB Oyunlarında medal
qazanıb.

Trend xəbər verir ki, Göygöl
Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında
təmsilçimiz Nihad Rəhimov (64 kiloqram) həlledici görüşdə rusiyalı
Artem Xarisovla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal
əldə edib.

Digər təmsilçimiz Rüstəm Qasımzadə (58 kiloqram) isə finalda
rusiyalı idmançıya uduzaraq gümüş medalla kifayətlənib.

Daha əvvəl Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan
Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə
yekunlaşıb.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

xxx

18:17

Azərbaycanın daha iki taekvondoçusu III MDB Oyunlarında qızıl
medal qazanıb.

Trend xəbər verir ki,
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən
yarışın finalında Azərbaycanın qız taekvondoçuları Humay Dadaşova
(46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq,
özbəkistanlı Valeriya Xeqay və rusiyalı Əzizə Hüseynovaya 2:1
hesabı ilə qalib gəliblər.

Finalda məğlub olan Ümid Rəhimzadə (54 kiloqram) və Elcan Əliyev
(74 kiloqram) ikinci yeri tutublar. Mübarizəni yarımfinalda
dayandıran Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və
Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46
kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62
kiloqram) isə bürünc mükafatla kifayətləniblər.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3
qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Daha əvvəl Ziya
Həsənli (63 kiloqram) qızıl medala sahib çıxmışdı.

xxx

17:27

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
sambo yarışlarının final görüşlərinə start verilib.

Trend xəbər verir ki, Göygöl
Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında
təmsilçimiz Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan
Qamzat Maksetbayevlə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III
MDB Oyunlarında qazandığı ilk qızıl medal olub.

Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir