
Bakı. Trend:
Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub.
Trend xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov
Minskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni Texnologiyalar
İttifaqı: Gələcəyin sənayesinin yaradılması” mövzusunda keçirilən
plenar iclasda deyib.
“Dördüncü Sənaye İnqilabı dövründə texnoloji tərəqqi
iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsir
göstərir. Bu mühitdə davamlı inkişaf texnoloji tendensiyaları
strateji cəhətdən idarə etmək bacarığından çox asılıdır”, – deyə o
bildirib.
Əli Əsədov qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma və texnoloji
innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü
tədbirlər həyata keçirilir:
“Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biri
dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin
edilməsidir. Bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin
sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji
hədəflər sırasındadır. Dövlətin rəqəmsal iqtisadiyyata üstünlük
verdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşması
xüsusilə vacibdir.
Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş “Rəqəmsal
İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası” sahibkarlıq
subyektlərinin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və
texnoloji adaptasiyanın sürətləndirilməsinə xidmət edir. Eyni
zamanda, 2025-2028-ci illəri əhatə edən “Rəqəmsal İqtisadiyyatın
İnkişaf Strategiyası” hazırlanıb”, – deyə baş nazir əlavə edib.
O bildirib ki, Azərbaycan bu gün nəinki qlobal texnoloji
tendensiyaları izləyən, həm də onları uğurla uyğunlaşdıran, onları
əməli nəticələrin əldə olunmasına yönəldən qabaqcıl ölkələrdən
birinə çevrilmək əzmi nümayiş etdirir:
“Bu baxımdan “Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiyası Mərkəzi” ölkəmizin texnoloji transformasiya
gündəliyinə öz töhfəsini verməkdədir. O, Dünya İqtisadi Forumunun
Dördüncü Sənaye İnqilabı şəbəkəsinin 24 qlobal mərkəzindən
biridir.
Son on ildə Azərbaycan sənayeləşməni təkcə iqtisadi siyasətin
tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın
təməli kimi müəyyən etmişdir. Azərbaycanda sənayeləşmə yeni
mərhələyə qədəm qoyub, burada əsas diqqət təkcə istehsalın
artırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabət
qabiliyyətinin artırılmasına yönəlib”, – deyə Əli Əsədov
bildirib.
Baş nazir vurğulayıb ki, sənaye zonalarının inkişafı və
investisiya təşviqləri texnologiya, istedad və infrastrukturun
innovasiyaları və ixraca əsaslanan artımı dəstəklədiyi ekosistemlər
yaradır.
“Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi
nailiyyətlər beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Dövlət Neft
Şirkətinə məxsus “Petkim” və “STAR” neft emalı zavodları dünyanın
ən qabaqcıl rəqəmsallaşmış sənaye obyektləri sırasında Dünya
İqtisadi Forumunun nüfuzlu mükafatına layiq görülüb.
Bu il Azərbaycandakı “SOCAR karbamid” zavodu da bu mükafata
layiq görülüb. Bu nailiyyətlər Azərbaycanın sənaye
transformasiyasına iddialı və mütərəqqi yanaşmasının parlaq
nümunəsidir. Bu nailiyyətlər Azərbaycanın sənaye transformasiyasına
iddialı və mütərəqqi yanaşmasının parlaq nümunəsidir”.
Əli Əsədov qeyd edib ki, dövlət dəstəyi çərçivəsində qabaqcıl
texnologiyaların tətbiqinə və bunun nəticəsində sənaye
müəssisələrinin səmərəliliyinin və rəqabət qabiliyyətinin
artırılmasına şərait yaradan “Sənaye 4.0 Hazırlıq Proqramı” həyata
keçirilir.
“Beləliklə, Azərbaycan yeni texnologiyaların tətbiqi və
sənayesinin transformasiyası istiqamətində sistemli siyasət
aparır.Azərbaycan uğurlu sənaye transformasiyasının açarı olan,
qabaqcıl texnologiyaların və təcrübə mübadiləsinə imkan verən
beynəlxalq əməkdaşlığı gücləndirməyə sadiqdir”, – deyə Baş nazir
yekunlaşdırıb.