
Bakı. Trend:
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real addımlar
atır.
Bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində
Trend-ə müsahibəsində “EY” şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Davamlı
İnkişaf üzrə rəhbəri Viktor Kovalenko deyib.
“Bakıda olarkən, hökumət və dövlət rəsmilərini dinləyərkən,
Azərbaycan şirkətlərinin fəaliyyətini müşahidə edərdən, beynəlxalq
iştirakçılar əmin olurlar ki, iqlim dəyişikliyinə uyğunlaşma,
təsirlərin yumşaldılması və nəzərəçarpacaq maliyyə nəticələri ilə
bağlı real iş məhz Azərbaycanda gedir”. – deyə ekspert
bildirib.
Onun sözlərinə görə, Bakı İqlim Həftəsinin əsas dəyəri ondan
ibarətdir ki, Azərbaycan həm qlobal, həm də regional ictimaiyyətin
diqqət mərkəzində qalmaqda davam edir.
Kovalenko iqlim gündəliyində biznesin əsas roluna da diqqət
çəkib: “Əvvəlcə dediyim kimi, dövlət və hökumət qlobal çıxışlar –
region, planet, bütövlükdə ölkə haqqında etməlidir. Amma biznes
başqa cür düşünür: ona praktik, başa düşülən və aydın nümunələr
lazımdır. Budur, sadə bir misal: əgər biznesə istixana qazı
emissiyalarını azaltmaq əmri verilirsə, izah edilir ki, haradasa
okean bir neçə metr qalxacaq və ölkəni su basacaq, bəli, bu, qlobal
miqyasda ciddidir. Bəs bu konkret müəssisə üçün nə deməkdir?”.
Ekspert vurğulayıb ki, qlobal çağırışlarla kiçik şirkətlərin
gündəlik fəaliyyəti arasında məhz bu əlaqələr bu cür tədbirlərdə öz
əksini tapmalıdır.
“Sahibkar eşitməli və başa düşməlidir ki, bütün bu sözlər
onların reallığı ilə birbaşa bağlıdır. Bu, xüsusilə kiçik və orta
biznes üçün vacibdir.
Böyük şirkətlər iri miqyasda düşünürlər: onlar başa düşürlər ki,
bəzi yerlərdə su qıtlığı ola bilər, bəzi yerlərdə Xəzər dənizindən
keçən nəqliyyat dəhlizləri pozula bilər, bəzilərində isə
məhsuldarlıqla bağlı problemlər ola bilər. Kiçik bizneslər isə öz
sahələri, məhsulları ilə məhdudlaşır və onların əsas məqsədi sağ
qalmaqdır. Ona görə də bu cür tədbirlərin əsas məqsədi qlobal iqlim
gündəmini “yer üzünə endirmək” və bunun KOB-lar üçün nə demək
olduğunu izah etməkdir”, – V.Kovalenko bildirib.