Zəfər xronikası. 30 sentyabr 2020-ci il: Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
telefonla zəng edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində
hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və
münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu
bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və
bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət
barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan
tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi,
hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından
atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi
qulluqçularımız həlak olublar. Prezident İlham Əliyev bildirib ki,
Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata
keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi
şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş
nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlar
prosesinə ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla
danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının
dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun
rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın
işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların
qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə
Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi
cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş
naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl
on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması
barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə
hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı
hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın
siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir